
8 Noyabr Azərbaycan tarixinin ən parlaq, ən qürurverici səhifələrindən biridir. Bu gün müstəqil Azərbaycanın gücünü, xalqımızın birliyini, ordumuzun rəşadətini və dövlətimizin qüdrətini təcəssüm etdirən Zəfər Günüdür.
2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi 44 gün davam etdi və Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad etdi. 8 noyabr 2020-ci ildə Şuşa şəhərinin azad edilməsi ilə bu mübarizə öz zirvəsinə çatdı. Şuşanın azad olunması həm hərbi, həm də mənəvi baxımdan qələbəmizin rəmzinə çevrildi.
Zəfər Günü xalqımızın illərlə həsrətini çəkdiyi torpaqlara qayıdışın, şəhidlərimizin qanı ilə yazılmış ədalətin təntənəsidir. Bu gün biz Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini ehtiramla yad edir, qazilərimizə minnətdarlıqla baş əyirik.
8 Noyabr təkcə qələbə günü deyil, həm də birlik və vətənpərvərlik günüdür. Bu tarix gələcək nəsillərə Vətən sevgisinin, mübarizə ruhunun və milli qürurun əsl nümunəsi kimi qalacaq.
Bu böyük Zəfər sayəsində Azərbaycan xalqı bir daha sübut etdi ki, torpaq, millətin namusu və şərəfidir – onu qorumaq hər bir vətəndaşın müqəddəs borcudur.
Yaşasın Azərbaycan!
Yaşasın Qalib Ordumuz!
Yaşasın 8 Noyabr – Zəfər Günü!
Esmira Əsədova,
Nizami Rayon Yeni Azərbaycan Partiyasının Gənc Fəalı



