AnalitikaGündəmSiyasət

Böyük Qayıdış prosesinin hər addımı həm də gələcəyə ümidin, güclü Azərbaycanın simvoludur

8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu gün 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbənin rəmzidir. Azərbaycan xalqı bu zəfərlə təkcə ərazi bütövlüyünü bərpa etmədi, həm də ədaləti, milli qüruru və dövlət suverenliyini bərpa etdi. Bu qələbənin arxasında xalqın birliyi, Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti və şəhidlərimizin müqəddəs qanı dayanır.
Zəfər Günü təkcə hərbi qələbənin deyil, həm də mənəvi dirçəlişin, xalqın öz tarixi köklərinə, torpağına və kimliyinə dönüşünün başlanğıcı oldu. 2020-ci ilin payızında baş verən bu möhtəşəm hadisə Azərbaycanın müasir tarixində yeni bir mərhələnin əsasını qoydu. Həmin mərhələnin adı isə  “Böyük Qayıdış” dır.
Böyük Qayıdış – işğaldan azad olunmuş torpaqlara həyatın yenidən qayıtması, doğma yurdlarına həsrət qalmış insanların evlərinə dönməsi deməkdir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bu məqsədlə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Şəhər və kəndlər müasir plan əsasında yenidən salınır, yollar, körpülər, hava limanları, məktəblər, xəstəxanalar, elektrik və su infrastruktur şəbəkələri tikilir. Bu layihələr təkcə infrastrukturun bərpası deyil, həm də iqtisadi və sosial həyatın dirçəldilməsi üçün möhkəm təməldir.
Artıq bir çox yaşayış məntəqələrinə köç prosesi başlayıb. Laçın, Füzuli, Cəbrayıl, Zəngilan və Ağalı kimi bölgələrdə ilk sakinlər doğma torpaqlarına qayıdıb. Dövlət tərəfindən həyata keçirilən “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyaları bu ərazilərin müasir, ekoloji cəhətdən dayanıqlı və innovativ bölgələrə çevrilməsinə xidmət edir. Bu, həm də Azərbaycanın gələcək inkişaf modelinin bir nümunəsidir.
Böyük Qayıdış təkcə fiziki deyil, mənəvi dönüşdür. İllərlə xarabalığa çevrilmiş məscidlər, abidələr, tarixi yerlər bərpa olunur, milli mədəni irsimiz yenidən canlanır. Hər daşında tarix, hər ağacında xatirə olan Qarabağ torpağı bu gün yeni həyat qazanır. Bu, şəhidlərimizin ruhuna hörmətin, millətin birliyinin və dövlətin gücünün təcəssümüdür.
Zəfər Günü bizə bir daha xatırladır ki, torpaq uğrunda ölən varsa, Vətəndir. Bu Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Onların sayəsində bu gün azadlıq nəğməsi Qarabağda səslənir, Şuşada bayrağımız dalğalanır.
Bu gün Böyük Qayıdış prosesinin hər addımı həm də gələcəyə ümidin, güclü Azərbaycanın simvoludur. Qarabağda və Şərqi Zəngəzurda həyatın bərpası, azad torpaqlarda yenidən ucalan evlər və məktəblər sübut edir ki, Zəfər Günü bir son deyil, əksinə, yeni başlanğıcdır — azad, güclü və əbədi Azərbaycan üçün başlanğıc.

Sevinc Qəhrəmanova
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button