AnalitikaGündəmSiyasət

Bu gün Türk Dövlətləri Təşkilatı ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır

21-ci əsrin ilk rübü beynəlxalq münasibətlər sistemində köklü dəyişikliklərlə yadda qalır. Qlobal güc balansı dəyişməkdədir və yeni güc mərkəzləri yaranır. Bu kontekstdə Türk Dövlətləri Təşkilatı təkcə mədəni və tarixi bağlılığa əsaslanan bir platforma deyil, ciddi geosiyasi aktor kimi formalaşır. Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin oktyabrında Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə dediyi kimi: “Bu gün Türk Dövlətləri Təşkilatı ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır.”

Türk dövlətləri ortaq dil, din, etnik kimlik və mədəni irsə sahibdirlər. Bu ortaq dəyərlər uzun illər boyunca birləşdirici qüvvə rolunu oynayıb. Türk Dövlətləri Təşkilatı, 2009-cu ildən bu yana bu birliyi təşkilati əsasda gücləndirərək, təkcə mədəni deyil, siyasi və iqtisadi sahələrdə də əməkdaşlığı dərinləşdirib.  Mədəni yaxınlıq inteqrasiyanı asanlaşdırmaqla yanaşı, beynəlxalq sistemdə ortaq maraqlar ətrafında vahid mövqe formalaşdırmaq imkanı verir.

Türk Dövlətləri Təşkilatına üzv ölkələr – Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digərləri – Avrasiya məkanının mərkəzində, mühüm nəqliyyat, enerji və ticarət yollarının kəsişməsində yerləşirlər. Orta Dəhliz layihəsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çin ilə Avropa arasında quru bağlantısı olan bu dəhliz, Rusiya və İran alternativləri ilə müqayisədə daha təhlükəsiz və çevikdir. Bu dəhlizdə Türk Dövlətləri Təşkilatı ölkələrinin əsas rol oynaması, təşkilatın qlobal logistika və enerji təhlükəsizliyi sahəsində strateji əhəmiyyətini artırır. Son illər bölgədə və dünyada baş verən hadisələr – Ukrayna müharibəsi, Rusiya-Qərb qarşıdurması, Qafqazda dəyişən balanslar və Çin-ABŞ rəqabəti – Türk Dövlətləri Təşkilatının vacibliyini daha da artırıb. Türk Dövlətləri Təşkilatı, qeyri-sabitlik fonunda öz aralarında güclü əməkdaşlıq və sabitlik modeli yaradan nadir regional qurumlardandır. Qarabağda Azərbaycanın qazandığı uğurlar və bölgənin yenidənqurulmasında türk dövlətlərinin iştirakı, təşkilatın həmrəyliyini praktiki formada nümayiş etdirir. Qazaxıstanda və Qırğızıstanda baş verən daxili böhranlar zamanı göstərilən diplomatik dəstək və koordinasiya təşkilatın operativ gücünü sübut etdi.

Türk Dövlətləri Təşkilatı ölkələri zəngin enerji resurslarına, böyük insan potensialına və inkişaf etməkdə olan bazarlara malikdir. Azərbaycan və Qazaxıstan enerji ixracatçısı olaraq, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Türkiyə – enerji tranziti və sənaye istehsalı baxımından – bu əməkdaşlıqda mərkəzi rola sahibdir. Orta Asiya ölkələri – geniş əraziləri, kənd təsərrüfatı potensialı və bərpaolunan enerji imkanları ilə ön plana çıxır.

Türk Dövlətləri Təşkilatı son illərdə öz yumşaq güc potensialını da artırmaqdadır. Təhsil, elm, mədəniyyət və media sahələrində ortaq proqramlar hazırlanır. Beynəlxalq təşkilatlarda vahid mövqe sərgilənməyə başlanılıb. 2025-ci ildə keçirilən Qəbələ Zirvə Görüşü, təşkilatın diplomatik çərçivədə nüfuzunun artdığını nümayiş etdirdi. Türk Dövlətləri Təşkilatı bu gün artıq sırf mədəni birlik platforması deyil. Onun inkişaf edən siyasi gücü, strateji coğrafiyası, enerji və nəqliyyat imkanları, təhlükəsizlik əməkdaşlığı və diplomatik çevikliyi onu yeni bir geosiyasi mərkəz statusuna yüksəldir.

 Siyasət Həsənov
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button