
7 oktyabr 2025-ci il tarixində Qəbələ şəhəri Türk dünyasının siyasi və mənəvi paytaxtına çevrildi. Burada Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Zirvədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadir Japarov, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar iştirak etdilər. Bu mühüm tədbir “Regional sülh və təhlükəsizlik” mövzusu altında keçirilərək Türk dövlətlərinin həmrəyliyinin və ortaq gələcək yol xəritəsinin müəyyənləşdirilməsində yeni mərhələ oldu.
Prezident İlham Əliyev çıxışına Qəbələnin qədim tarixini xatırladaraq başladı. O qeyd etdi ki, Qəbələ Qafqaz Albaniyasının qədim paytaxtı kimi Azərbaycan torpağının mədəni və dövlətçilik beşiyidir. Zirvənin məhz bu qədim şəhərdə keçirilməsi Türk dünyasının dərin köklərə, ortaq tarixə və mənəvi bağlara sahib olmasının simvoludur.
Eyni zamanda, Prezident İlham Əliyev vurğuladı ki, Türk Dövlətləri Təşkilatı bu gün təkcə əməkdaşlıq platforması deyil, həm də ciddi geosiyasi mərkəzə çevrilməkdədir. Türk dünyasının ortaq etnik, dil, tarix və mədəni dəyərləri bizi daha da sıx birləşdirir və bu birlik regional sabitliyin təməlidir.
İlham Əliyev çıxışında təhlükəsizlik məsələlərini ön plana çəkdi. O bildirdi ki, sülh və sabitlik olmadan heç bir inkişaf mümkün deyil. Azərbaycanın son illərdə əldə etdiyi uğurlar bunun ən parlaq sübutudur. Prezident qeyd etdi ki, Türk dövlətləri beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında qarşılıqlı dəstək göstərməli, regionda sabitlik və əməkdaşlıq üçün vahid mövqe sərgiləməlidir.
Azərbaycan lideri həmçinin Türk dövlətləri arasında hərbi və təhlükəsizlik sahəsində əlaqələrin daha da genişlənməsinin vacibliyini vurğuladı. O, 2026-cı ildə Azərbaycanda Türk dövlətlərinin ortaq hərbi təlimlərinin keçirilməsi təşəbbüsünü irəli sürdü. Bu, gələcəkdə ortaq müdafiə sistemlərinin formalaşmasına doğru mühüm addım kimi qiymətləndirildi.
İlham Əliyev bəyan etdi ki, artıq bölgədə “post-münaqişə” dövrü başlayıb və əsas məqsəd dayanıqlı inkişaf və əməkdaşlıqdır. Prezident İlham Əliyev çıxışının sonunda Türk Dövlətləri Təşkilatının gələcək inkişaf perspektivlərinə toxundu. O bildirdi ki, Azərbaycan təşkilatın Katibliyinə 2 milyon ABŞ dolları məbləğində ianə verib və bu, təşkilatın fəaliyyətinə dəstək və güclənməsi üçün atılmış bir addımdır.
Qəbələ Zirvə Görüşü bir daha göstərdi ki, Azərbaycan Türk dünyasında həm siyasi, həm də mənəvi lider ölkələrdən biridir. Prezident İlham Əliyevin çıxışı Türk birliyinin gələcəyinə inamı, qardaşlıq bağlarının möhkəmləndirilməsinə yönəlmiş çağırışları ilə yadda qaldı.
Bu Zirvə, Türk dünyasının vahid strateji məqsədlər ətrafında birləşdiyini və Azərbaycan diplomatiyasının bu prosesdə aparıcı rol oynadığını sübut etdi.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi