AnalitikaGündəmSiyasət

Türk Dövlətləri Təşkilatının bu gün artıq regional əməkdaşlıq çərçivəsini aşaraq, beynəlxalq arenada mühüm geosiyasi aktora çevrildiyini vurğuladı

2025-ci il oktyabrın 7-də Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Bu mühüm tədbir türk dünyasının siyasi, iqtisadi və mədəni əməkdaşlığının dərinləşməsi baxımından əlamətdar hadisə oldu. Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı xüsusi diqqət çəkdi və təşkilatın gələcək fəaliyyət istiqamətləri üçün strateji yol xəritəsi kimi dəyərləndirildi.Prezident İlham Əliyev çıxışına türk dövlətlərinin başçılarını salamlayaraq, onları qədim Qəbələ torpağında görməkdən məmnunluğunu ifadə etməklə başladı.

O bildirdi ki, Qəbələ Azərbaycanın tarixi-mədəni mərkəzlərindən biridir və burada keçirilən bu Zirvə türk birliyinin mənəvi köklərinin gücünü bir daha nümayiş etdirir. Dövlət başçısı çıxışında Türk Dövlətləri Təşkilatının bu gün artıq regional əməkdaşlıq çərçivəsini aşaraq, beynəlxalq arenada mühüm geosiyasi aktora çevrildiyini vurğuladı.

Prezident İlham Əliyev qeyd etdi ki, türk dövlətlərini birləşdirən amillər yalnız dil və mədəniyyət deyil, həm də ortaq tarix, ortaq məqsədlər və qarşılıqlı etimaddır. O, Azərbaycanın təşkilatın fəaliyyətinə hər zaman fəal dəstək verdiyini və bu istiqamətdə konkret addımlar atdığını bildirdi. Azərbaycanın TDT Katibliyinə maddi dəstək göstərməsi, müxtəlif birgə layihələrdə iştirakı və inteqrasiya təşəbbüsləri bu mövqenin bariz nümunəsi kimi göstərildi.Çıxışında Prezident İlham Əliyev regional təhlükəsizlik məsələlərinə də toxundu. O qeyd etdi ki, sülh və sabitlik olmadan iqtisadi inkişaf və dayanıqlı əməkdaşlıq mümkün deyil.

Bu baxımdan, TDT çərçivəsində müdafiə, təhlükəsizlik və informasiya mübadiləsi sahəsində birgə mexanizmlərin yaradılmasının vacibliyini vurğuladı. Azərbaycan Prezidenti həmçinin bildirdi ki, 44 günlük Vətən müharibəsindən sonra regionda formalaşan yeni reallıqlar türk dünyası üçün yeni imkanlar açır.Prezident İlham Əliyev çıxışında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərinə də xüsusi diqqət yetirdi. O, Azərbaycan vasitəsilə keçən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin türk ölkələrinin iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynadığını bildirdi. Xüsusilə Orta Dəhlizin strateji əhəmiyyəti vurğulanaraq, bu marşrutun TDT çərçivəsində daha sıx koordinasiya ilə idarə olunmasının vacibliyi qeyd edildi.

Enerji sahəsində əməkdaşlıq mövzusuna toxunan Prezident İlham Əliyev Azərbaycanla qardaş dövlətlər arasında bərpaolunan enerji, neft və qaz layihələrinin qarşılıqlı fayda əsasında həyata keçirildiyini bildirdi. O, həmçinin türk ölkələrinin sənaye, kənd təsərrüfatı, texnologiya və təhsil sahələrində əməkdaşlığının gücləndirilməsini təklif etdi. Prezidentin sözlərinə görə, türk dünyası iqtisadi potensialını birləşdirsə, bu, qlobal iqtisadi sistemdə mühüm güc mərkəzi yarada bilər.

İlham Əliyev çıxışında həmrəylik və qardaşlıq nümunəsi kimi bir sıra humanitar layihələrə də toxundu. O, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Türkiyənin azad edilmiş ərazilərdə məktəblər, məscidlər və sosial obyektlər inşa etməsini türk birliyinin real təcəssümü kimi dəyərləndirdi. Prezident bu təşəbbüslərin xalqlar arasında qardaşlıq bağlarını daha da gücləndirdiyini vurğuladı.

Nitqinin sonunda Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinə dair bir sıra təkliflər irəli sürdü. O, 2026-cı ildə birgə hərbi təlimlərin keçirilməsini, eləcə də 100 illik Türkoloji Qurultayın yubileyinin qeyd olunmasını təklif etdi. Prezident çıxışını belə sözlərlə tamamladı: “Türk dünyasının birliyi bizim gücümüzün, sülhün və sabitliyin əsas təminatçısıdır. Biz birlikdə daha güclüyük.”

Qəbələdə keçirilən bu Zirvə Görüşü və Prezident İlham Əliyevin çıxışı türk birliyinin möhkəmlənməsi istiqamətində mühüm mərhələ kimi tarixə düşdü.

Azərbaycan liderinin çıxışı türk dünyasının gələcək inkişafı üçün həm siyasi, həm iqtisadi, həm də mədəni baxımdan strateji əhəmiyyət daşıyır. Bu nitq bir daha göstərdi ki, Azərbaycan türk dövlətləri ailəsində həmrəyliyin və əməkdaşlığın möhkəmlənməsinə ardıcıl şəkildə töhfə verir.

Əlizadə Günel,
Yeni Azərbaycan partiyası məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button