
Azərbaycanın zəngin bərpa olunan enerji mənbələri mövcuddur. Hansı ki, alternativ enerji mənbələrinin istifadəsindən böyük fayda götürülməsi üçün geniş potensial var. Respublikamızın təbii iqlim şəraiti tükənməz alternativ enerji mənbəyi olan günəş enerjisindən istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını artırmağa imkan verir. Həmçinin, ölkəmizin inkişaf konsepsiyasında enerji strategiyası mühüm yer tutur. Bu gün ölkəmizin dünyada enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynamaqla yanaşı, həm də etibarlı tərəfdaş statusunu daşıyır. Azərbaycan, eyni zamanda, bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkədir və bu istiqamətdə mühüm layihələr həyata keçirir.
Ölkəmiz həm də yaşıl enerji siyasətini inkişaf etdirir. Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib. Azərbaycanın bərpaolunan enerji potensialı – quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. 2021-ci il mayın 18-də Ağdam ictimaiyyət nümayəndələri ilə görüşən Prezident İlham Əliyev bəyan edib ki, bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Artıq azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib.
Azərbaycan Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək. Bu barədə Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında bildirib. “Hazırda biz Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa yaşıl enerji dəhlizi üzərində işləyirik”, – deyə dövlətimizin başçısı əlavə edib.
TDT-yə üzv ölkələrlə Azərbaycan bir çox önəmli sərmayə layihələrini icra edib. Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub. Bunun əsas hissəsi Türkiyə iqtisadiyyatına qoyulmuş sərmayədir. Bununla bərabər, Azərbaycan Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Bu fondlar vasitəsilə bir çox layihələr icra ediləcək. Ümumilikdə, atılan addımlar Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət edir.
Xəzər rayonu, 122 nömrəli məktəbin əməkdaşı
Rzayeva Xəyalə