AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin Qəbələ Zirvəsindəki çıxışı Türk dünyasının birliyini və gücünü daha da möhkəmləndirdi

2025-ci il oktyabrın 7-də Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Bu mötəbər toplantıda Azərbaycan Prezidenti İlham Əliyev mühüm və məzmunlu çıxış edərək Türk dövlətləri arasında həmrəyliyin, təhlükəsizlik əməkdaşlığının və iqtisadi inteqrasiyanın gücləndirilməsinin vacibliyini vurğuladı. Prezident İlham Əliyev çıxışına Qəbələnin qədim tarixindən söz açmaqla başladı. O bildirdi ki, Qəbələ təkcə Azərbaycanın deyil, ümumilikdə türk dünyasının tarixində xüsusi yer tutur. Qədim Qafqaz Albaniyasının paytaxtı olmuş bu şəhərdə Zirvə görüşünün keçirilməsi həm simvolik, həm də strateji əhəmiyyət daşıyır. Prezident qeyd etdi ki, Türk Dövlətləri Təşkilatı bu gün artıq sadəcə əməkdaşlıq platforması deyil, beynəlxalq miqyasda nüfuz qazanmış, real siyasi və iqtisadi gücə çevrilən bir qurumdur. Onun sözlərinə görə, Türk dövlətlərinin ortaq maraqlar əsasında daha sıx birləşməsi regionda sabitliyin və təhlükəsizliyin təminatıdır.

Azərbaycanın təşkilata verdiyi dəstəyin göstəricisi kimi ölkəmizin TDT Katibliyinə 2 milyon ABŞ dolları məbləğində ianə etdiyini bildirən Prezident, bu addımın Türk birliyinə olan səmimi münasibətin bariz nümunəsi olduğunu vurğuladı. Çıxışın əsas mövzularından biri təhlükəsizlik idi. Prezident İlham Əliyev qeyd etdi ki, bu gün dünyada artan risklər və münaqişələr fonunda Türk dövlətlərinin bir-biri ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı vacibdir. O təklif etdi ki, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimləri keçirilsin. Bu təklif təşkilatın gələcəkdə daha sıx və koordinasiyalı hərbi əməkdaşlıq modelinə keçməsi baxımından mühüm addım kimi qiymətləndirilir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın 2020-ci ildə əldə etdiyi qələbəni və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirlərini xatırladaraq, ölkəmizin suverenliyinin tam bərpasını Türk dünyasının mənəvi dəstəyi ilə reallaşdırdığını bildirdi. O həmçinin Ermənistanla sülh sazişi üzrə danışıqlardan danışaraq, bölgədə davamlı sülhün bərqərar olunmasının regionun inkişafı üçün əsas şərt olduğunu vurğuladı. Azərbaycan Prezidentinin sözlərinə görə, artıq işğaldan azad edilmiş ərazilərdə qardaş dövlətlərin dəstəyi ilə məktəblər, mədəniyyət ocaqları və məscidlər inşa olunur. Füzulidə və Ağdamda qardaş ölkələrin hədiyyəsi olan təhsil ocaqları, Cəbrayılda Macarıstanın maliyyə dəstəyi ilə tikilən məktəb və Türkmənistanın inşa etdiyi Füzuli məscidi bu həmrəyliyin bariz nümunəsidir. Prezident İlham Əliyev çıxışında mədəni əlaqələrin də möhkəmləndirilməsini vacib saydı. O təklif etdi ki, 2026-cı ildə Türkoloji Qurultayın 100 illiyi Türk Dövlətləri Təşkilatının xətti ilə təntənəli şəkildə qeyd olunsun. Bu təşəbbüs türk xalqlarını birləşdirən dil, mədəniyyət və tarixi dəyərlərin qorunması baxımından xüsusi önəm daşıyır.

Orxan Abdullazədə
Yeni Azərbaycan Partiyası, Məsləhətçi

Oxşar Xəbərlər

Back to top button