
2025-ci il sentyabrın 30-da Azərbaycan paytaxtı Bakı mühüm bir diplomatik hadisəyə şahidlik etdi. İtaliya Respublikasının Prezidenti Sercio Mattarella rəsmi səfərlə Azərbaycanda oldu və Prezident İlham Əliyev ilə baş tutan görüş, iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşdiyini sübut etdi. Həmin gün mətbuata verilən bəyanatlar isə yalnız diplomatik jest deyil, konkret nəticələr və gələcəyə hesablanmış real addımların aydın göstəricisi idi. Azərbaycan və İtaliya arasındakı münasibətlər təkcə iki ölkənin siyasi liderləri arasında olan səmimi təmaslarla məhdudlaşmır. Bu əlaqələr dərin köklərə, ortaq maraqlara və qarşılıqlı etimada əsaslanır. Prezident İlham Əliyev çıxışında bu strateji tərəfdaşlığı vurğulayaraq bildirdi ki, artıq Azərbaycan ilə İtaliya münasibətləri yalnız siyasi deyil, enerji, iqtisadiyyat, mədəniyyət və təhsil sahələrini də əhatə edən çoxşaxəli əməkdaşlıq formatına keçib. Təsadüfi deyil ki, İtaliya Azərbaycan neftinin əsas alıcısıdır və qaz təchizatında da aparıcı yerlərdən birini tutur. Bu da onu göstərir ki, Azərbaycanın enerji resursları Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol oynayır və İtaliya bu prosesdə mühüm körpü funksiyasını yerinə yetirir. Mətbuata verdiyi bəyanatda Prezident İlham Əliyev TAP layihəsinin uğurla başa çatmasını xatırladaraq, İtaliyanın bu prosesdə oynadığı rolu xüsusi qeyd etdi. TAP (Trans-Adriatik Boru Kəməri) vasitəsilə Azərbaycan qazının Avropaya, o cümlədən İtaliyaya nəql olunması, təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyətə malikdir. Azərbaycan bu gün etibarlı enerji tərəfdaşı olaraq dünyada qaz ixracında coğrafi şaxələndirməyə görə birinci yerdə dayanır. İtaliya isə bu enerji əməkdaşlığında strateji tranzit və istehlakçı ölkə kimi çıxış edir. Bu əməkdaşlıq gələcəkdə yalnız qazla məhdudlaşmayacaq – artıq yaşıl enerji və elektrik enerjisinin ixracı istiqamətində də konkret planlar hazırlanır. Enerji və iqtisadiyyat sahəsindəki uğurlu əməkdaşlıq, humanitar sferada da öz bəhrəsini verməkdədir. Səfər çərçivəsində ən önəmli hadisələrdən biri də İtaliya–Azərbaycan Universitetinin rəsmi açılışı oldu. Prezident İlham Əliyev bu layihəni iki ölkə arasında dostluğun simvolu adlandırdı və vurğuladı ki, bu universitet yalnız təhsil ocağı deyil, həm də mədəniyyətlərarası dialoqun inkişafında mühüm platforma olacaq. Universitetdə təhsil alacaq gənclər təkcə akademik bilik qazanmayacaq, eyni zamanda İtaliya və Azərbaycan arasında mədəni körpü rolunu oynayacaqlar. Bu, gələcək nəsillərin qarşılıqlı anlaşması üçün atılan strateji bir addımdır. İtaliya, Avropa İttifaqı ilə münasibətlər kontekstində Azərbaycanın ən yaxın və etibarlı tərəfdaşlarından biridir. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda İtaliyanın Avropa İttifaqı daxilində Azərbaycanı daim dəstəklədiyini xüsusi qeyd etdi. Bu dəstək, Azərbaycanın Avropa ilə münasibətlərini genişləndirmək niyyətində olduqda daha da ön plana çıxır. Azərbaycanın regional və qlobal təşəbbüsləri – Şərq-Qərb nəqliyyat dəhlizləri, enerji ixrac layihələri və geosiyasi sabitlik siyasəti – Avropanın maraqları ilə üst-üstə düşür. İtaliya isə bu strateji proseslərdə Azərbaycan üçün həm tərəfdaş, həm də platforma rolunu oynayır. Prezident İlham Əliyevin və Prezident Sercio Mattarellanın çıxışları və ikitərəfli sənədlərin imzalanması, bir daha göstərdi ki, Azərbaycan–İtaliya münasibətləri tarixinin ən yüksək mərhələsindədir. Bu səfər və mətbuat qarşısında verilən bəyanatlar göstərdi ki, iki ölkə təkcə bu gün üçün deyil, gələcək onilliklər üçün də güclü bir əməkdaşlıq modeli qurmaqdadır. Bu gün atılan addımlar, imzalanan sənədlər və yaradılan institutlar, yalnız diplomatik protokol deyil – hər biri konkret məqsədə, gələcək nəsillərə yönəlmiş strateji niyyətlərin ifadəsidir. Azərbaycan və İtaliya münasibətləri, diplomatiyanın real nəticələr verdiyinə bariz nümunədir.
İlham Quliyev,
Yeni Azərbaycan Partiyası, məsləhətçi