
Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella mətbuata birgə bəyanatla çıxış ediblər. Prezident İlham Əliyev qonağı səmimiyyətlə salamlayaraq bildirib ki, İtaliya Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinin bariz göstəricisidir.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan və İtaliya arasında münasibətlər dostluq və qarşılıqlı hörmətə əsaslanır. Bu illər ərzində tərəflər siyasi, iqtisadi, enerji, mədəniyyət, təhsil və humanitar sahələrdə əməkdaşlığı davamlı şəkildə genişləndiriblər.
Prezident İlham Əliyev vurğulayıb ki, iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsi əlaqələrimizin inkişafında əsas istiqamətverici sənəd olub. O, həmçinin bildirib ki, İtaliya Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində mühüm tərəfdaşlardan biridir və Avropa məkanında ölkəmizin etibarlı dostu kimi tanınır.
Dövlət başçısı enerji əməkdaşlığının xüsusi rolunu qeyd edərək TAP və Cənub Qaz Dəhlizi layihələrinin uğurla həyata keçirilməsində İtaliyanın dəstəyini yüksək qiymətləndirib. Prezidentin sözlərinə görə, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və İtaliya bu prosesin əsas iştirakçılarından biridir.
Prezident İlham Əliyev həmçinin İtaliya-Azərbaycan Universitetinin yaradılmasını iki ölkə arasındakı mədəni və elmi əlaqələrin ən mühüm nəticələrindən biri kimi dəyərləndirib. O bildirib ki, artıq yüzlərlə tələbə bu universitetdə təhsil alır və gələcəkdə Azərbaycan və İtaliya arasında körpü rolunu oynayacaq mütəxəssislər yetişəcək.
Azərbaycan lideri əlavə edib ki, iki ölkə arasında əməkdaşlıq təkcə iqtisadi və enerji sahələri ilə məhdudlaşmır. İtaliyanın mədəniyyət, memarlıq, restavrasiya və incəsənət sahəsindəki təcrübəsi Azərbaycanın bölgələrində həyata keçirilən bərpa işlərinə də töhfə verir.
Prezident İlham Əliyev səfərin nəticələrinə böyük önəm verərək bildirib ki, bu görüş və imzalanan sənədlər Azərbaycan–İtaliya əlaqələrinin daha da dərinləşməsi üçün yeni imkanlar açır.
“Biz ortaq dəyərlərə və qarşılıqlı etimada söykənən dostluğumuzu gələcəkdə də gücləndirəcəyik,” – deyə dövlət başçısı bəyan edib.
Prezident İlham Əliyev səfərin iki ölkə arasında strateji tərəfdaşlığı daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib.
Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi