
Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini, ətraf 7 rayon və şəhəri – o cümlədən Cəbrayıl şəhərini də işğal etdilər. Cəbrayıl şəhəri 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olundu. Ermənistan tərəfi şəhərin ətrafındakı strateji yüksəklikləri və kəndləri ələ keçirərək, əsas şəhər mərkəzinə doğru irəlilədi. Azərbaycan ordusu və yerli özünümüdafiə dəstələri qəhrəmancasına mübarizə aparsa da, silah-sursat çatışmazlığı və qeyri-bərabər hərbi qüvvələr səbəbindən geri çəkilməyə məcbur oldular. İşğal nəticəsində şəhər əhalisi tamamilə öz doğma yurd-yuvasından didərgin düşdü. On minlərlə insan məcburi köçkünə çevrildi. Cəbrayıl şəhəri 27 il ərzində tamamilə Ermənistanın işğalı altında qaldı. Bu dövrdə bütün kənd və qəsəbələr viran qoyuldu, yaşayış binaları, məktəblər, xəstəxanalar, məscidlər və digər ictimai obyektlər dağıdıldı. Tarixi və mədəni abidələr məhv edildi, məzarlıqlar təhqir olundu, məscidlər donuz damı kimi istifadə edildi. Təbii sərvətlər, o cümlədən faydalı qazıntılar və meşələr qanunsuz şəkildə istismar olundu. Ermənistan bölgədə qanunsuz məskunlaşma siyasəti aparmaq istədi, lakin coğrafi çətinliklər və beynəlxalq təzyiqlər buna tam imkan vermədi.
2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan ordusu sürətli və uğurlu hərbi əməliyyatlarla bir çox əraziləri işğaldan azad etdi. Bu əməliyyatlar çərçivəsində Cəbrayıl şəhəri 2020-ci il oktyabrın 4-də azad olundu. Ardınca rayonun 90%-dən çox ərazisi – yüzlərlə kənd və strateji yüksəklik Azərbaycan ordusunun nəzarətinə keçdi. Prezident İlham Əliyev həmin gün xalqa müraciət edərək Cəbrayılın azad olunduğunu elan etdi. Bu, həm hərbi, həm də mənəvi cəhətdən çox böyük qələbə idi.
Cəbrayılın işğalı Azərbaycan xalqının yaddaşında acı bir iz qoysa da, bu torpaqların azad olunması və yenidən qurulması həmin ağrının sağalması yolunda böyük bir addımdır. Bu şəhərin azadlığı Azərbaycanın ərazi bütövlüyünün bərpasında mühüm mərhələ oldu və gələcəkdə Cəbrayılın öz əvvəlki iqtisadi və mədəni inkişaf səviyyəsinə çatacağına ümid böyükdür.
YAP Xəzər rayon təşkilatının məsləhətçisi
Siyasət Həsənov