AnalitikaGündəmSiyasət

TAP layihəsi vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir

Müasir dövrdə ölkəmizin iqtisadi gücünün artması bir çox dövlətlərin Azərbaycana olan marağını artırıb. Bu istiqamətdə Avropa dövlətləri Azərbaycanla münasibərlərin genişlənməsinə səy göstərirlər. Avropanın ən çox inkişaf etmiş, kifayət qədər siyasi nüfuza və güclü iqtisadiyyata sahib dövlətlərindən olan İtaliya üçün Azərbaycan cəlbedici ölkədir. Belə ki, neft-qaz regionu kimi beynəlxalq layihələrdə mühüm tərəfdaşlardan biridir. Məhz bu baxımdan, iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı həmişə hər iki respublikanın maraq dairəsindədir.

Azərbaycanla İtaliya arasında bir çox sahələri əhatə edən və tərəfdaşlığa çevrilmiş tarixi və mükəmməl ikitərəfli əlaqələr mövcuddur. Dövlətlərimiz arasında siyasi münasibətlər Xalq Cumhuriyyətinin mövcudluğu dövründə başlamışdır. Həmin dövrdə İtaliyanın bəzi iqtisadi və hərbi nümayəndələri Qafqaz ölkəsinə göndərildi. İtaliya Azərbaycandan neft, Azərbaycan isə oradan ordu üçün silah və hərbi geyimlər almaq niyyətində idi. Lakin Aprel işğalı İtaliya-Azərbaycan sazişlərinin həyata keçirilməsinə imkan vermədi. Dövlətimiz müstəqillik əldə etdikdən sonra İtaliya ilə əlaqələr yenidən bərpa olunmuşdur. Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək keyfiyyəti zəngin iqtisadi və ticari əməkdaşlıq əlaqələri ilə möhkəmlənmişdir.

Hazırkı dövrdə ölkələrimiz arasında iqtisadi əlaqələr getdikcə genişlənir. İtaliyanın Cənubi Qafqaz ölkələri arasında əsas ticarət tərəfdaşı Azərbaycandır. İqtisadi əməkdaşlıq bir sıra sahələri əhatə etsə də, öndə enerji tərəfdaşlığıdır. İtaliya Azərbaycandan neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşına çevrilib. Son illərin ən möhtəşəm layihələrindən olan “Cənub qaz dəhlizi”nin axırıncı məntəqəsi də məhz İtaliyadır. Cənub Qaz Dəhlizinin sonu kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır. 2020-ci il dekabrın 31-dən nəql edilməyə başlayan bu kəmər təkcə Azərbaycanın deyil, İtaliyanın enerji təhlükəsizliyinə  öz töhfəsini verir.

Bir neçə gün öncə Prezident İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella arasında keçirilən görüş iki ölkə arasında münasibətlərin bugünkü səviyyəsini bir daha aydın şəkildə nümayiş etdirdi. Belə ki, Cənub Qaz Dəhlizi və TAP layihəsi çərçivəsində həyata keçirilən işlər Azərbaycanı Avropanın, eləcə də İtaliyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevirib. Onu da qeyd etmək yerinə düşərdi ki, bu gün Azərbaycan 14 ölkəyə təbii qaz ixrac etməklə, dünyada qabaqcıl mövqedədir.

Ümumiyyətlə, son illərdə həyata keçirilən layihələr iki ölkə arasında tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu görüş siyasi əhəmiyyət daşımaqla bərabər, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və möhkəmləndirilməsi baxımından ciddi irəliləyişlərə zəmin yaradır. Mövcud siyasi şəraitdə Azərbaycan Respublikasının iqtisadi inkişafı üçün geniş imkanlar mövcuddur, dövlətimizin Avropa məkanında yeni neft- qaz layihələrinin həyata keçirəcəyi həqiqətdir!

Abbasova Zümrüd
Xəzər rayonu, 237 №li tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button