AnalitikaGündəmSiyasət

İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq

Bildiyimiz kimi, İtaliya Prezidenti Azərbaycanda ikinci dəfədir. Birinci rəsmi səfər 7 il bundan əvvəl baş vermişdir. Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq. Bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanmışdır. İkinci sənəd – Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanmışdır. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik.

30 sentyabr 2025-ci ildə Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella görüş keçirmiş və iki ölkə arasında strateji əməkdaşlıq münasibətlərini nəzərə alaraq birgə Bəyannamə qəbul etmişlər. Tərəflər bildirirlər ki, Azərbaycan və İtaliya dövlətləri qarşılıqlı hörmət, bərabərlik və beynəlxalq hüquq prinsiplərinə əsaslanan münasibətlərə sadiq qalacaqlar. Dövlət başçılarının müntəzəm görüşlərinin davam etdirilməsi və diplomatik nümayəndəliklər arasında məsləhətləşmələrin gücləndirilməsi razılaşdırılır.

Azərbaycan və İtaliya Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə səylərin vacibliyini vurğulayırlar. Cənub Qaz Dəhlizi və TAP layihələri üzrə uzunmüddətli əməkdaşlığın möhkəmləndirilməsi təsdiq olunur. Enerji ilə yanaşı, kənd təsərrüfatı, sənaye, logistika və rəqəmsal texnologiyalar sahəsində yeni əməkdaşlıq imkanlarının dəstəklənməsi razılaşdırılır. İtaliya şirkətlərinin Azərbaycanda, Azərbaycan şirkətlərinin isə İtaliyada sərmayə qoyuluşları təşviq ediləcəkdir.

Tərəflər xalqlar arasında yaxınlığı artırmaq məqsədilə təhsil və mədəniyyət sahəsində yeni təşəbbüsləri razılaşdırırlar. Azərbaycan–İtaliya Universitetinin yaradılması barədə razılıq təsdiq olunur, tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, mədəniyyət günlərinin, sərgilərin və konsertlərin təşkilinə dəstək göstərilməsi nəzərdə tutulur. Azərbaycan tərəfi İtaliyanın Avropa İttifaqı ilə əməkdaşlığa göstərdiyi dəstəyi yüksək qiymətləndirir. İtaliya Azərbaycanın Avropa İttifaqı ilə yeni əməkdaşlıq formatlarına qoşulmasına yardım göstərəcək, Azərbaycan isə Avropanın enerji və iqtisadi təhlükəsizliyində etibarlı tərəfdaş kimi çıxış edəcəkdir.

Bundan əlavə, regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi üçün səylərini birləşdirəcəklər. BMT Nizamnaməsi, beynəlxalq hüquq prinsipləri və dövlətlərin suverenliyi hörmət prinsipi əsas götürüləcəkdir. Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar fonunda İtaliyanın dəstəyi xüsusi qeyd edilir. Bu sənəd tərəflərin qarşılıqlı anlaşma və dostluq münasibətlərinə əsaslanır. Hüquqi baxımdan məcburi müqavilə xarakteri daşımır, lakin gələcək əməkdaşlıq istiqamətlərinin siyasi niyyətlərini ifadə edir.

Xəzər rayonu, D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin Tarix müəllimi
Musayeva Dilarə

Oxşar Xəbərlər

Back to top button