
İtaliya və Azərbaycan enerji təhlükəsizliyi və iqtisadi-ticari əlaqələr baxımından iki strateji tərəfdaşdır. Ticari baxımından biz ölkənin ilk kommersiya tərəfdaşıyıq. Bizi həm də fəal siyasi dialoq birləşdirir. Həmçinin xalqlarımız arasında mövcud olan təbii rəğbət kino, memarlıq, musiqi və incəsənət vasitəsi ilə daha da möhkəmlənir. Azərbaycan bir çox sahələri əhatə edən və strateji tərəfdaşlığa çevrilmiş İtaliya ilə tarixi və mükəmməl ikitərəfli əlaqələrə malikdir. İki ölkə arasında siyasi dialoqun yüksək keyfiyyəti zəngin iqtisadi və ticari əməkdaşlıq əlaqələri ilə möhkəmlənmişdir. Ölkəmizlə Azərbaycan arasında siyasi münasibətlər sonuncunun Rusiya imperiyasının süqutundan sonra 1918-ci il mayın 28-də elan etdiyi qısa “ilk müstəqilliyi” ilə başlamışdır. Həmin dövrdə İtaliyanın bəzi iqtisadi və hərbi nümayəndələri Qafqaz ölkəsinə göndərildi. İki ölkə arasında Sovet İttifaqının yaranması ilə zəifləyən əlaqələr kino və musiqi vasitəsi ilə canlı mədəni əlaqələr şəklində mövcudluğunu davam etdirdi. Real əməkdaşlıq SSRİ-nin dağılması və Azərbaycanın 1992-ci il yanvarın 1-də müstəqillik əldə etməsi ilə bərpa olundu. Bu tarixi hadisə İtaliya ilə Azərbaycan arasında münasibətlərin xüsusi bir dövründə baş verdi. Belə ki, müstəqillik elan edildikdən bir neçə gün sonra Azərbaycanın Baş naziri Həsən Həsənov İtaliya nümayəndələri, o cümlədən oktyabrın 27-də görüşdüyü baş nazir Andreotti ilə bir sıra danışıqlar aparmaq üçün Romada olmuşdur. Səfər zamanı İtaliyanın “Tecnimont” və “Fata” şirkətləri ilə mühüm sazişlər imzalanmış, Merloni ilə birlikdə Azərbaycanda İtaliyanın sənaye mövcudluğunun yaradılmasına rəhbərlik etməyə dəvət edilmişlər. Beləliklə, iki ölkə arasında sıx siyasi və iqtisadi mübadilələrin uzun tarixi başlamışdır.
Son dövrlərdə Bakı ilə tərəfdaşlıq Romaya Ukraynada müharibənin başlaması və pandemiya sonrası istehlakın bərpası nəticəsində artan karbohidrogen qiymətlərinin yaratdığı mənfi nəticələri azaltmağa imkan verdi. Beləliklə, Azərbaycan son illərdə TAP, Trans-Adriatik Qaz Boru Kəməri sayəsində ölkəmizin birici xam neft tədarükçülərindən və əsas qaz təchizatçılarından birinə çevrilmişdir. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından Avropaya qaz nəqli üçün nəzərdə tutulan bu layihə, təkcə 2022-ci ildə İtaliyaya 13,2 milyard avro (illik 3,9 dəfə artım) dəyərində 10,3 milyard kubmetr qaz (2021-ci illə müqayisədə +43,1%) tədarükünü təmin etmişdir. Lakin iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin də sübut etdiyi kimi hər iki ölkə ticarətdən tutmuş mədəniyyətə qədər saysız-hesabsız sahələrdə fəal və sərfəli əməkdaşlıq etdiyinə görə İtaliya-Azərbaycan tərəfdaşlığının enerji əməkdaşlığı sahəsi ilə məhdudlaşdığını düşünmək səhvdir. Bu baxımdan, ilk İtaliya dövlət başçısının Azərbaycana səfəri olan 2018-ci ilin iyulunda Respublika Prezidenti Sercio Mattarellanın Bakıya tarixi dövlət səfərini xatırlamaq olar. Bu səfərdən sonra İtaliyaya eyni dərəcədə əhəmiyyət daşıyan iki tarixi səfər baş tutdu: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 2018-ci ilin sentyabrında Azərbaycan Birinci vitse-prezidenti kimi həyata keçirdiyi ilk institusional xarici səfəri və daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya ilk dövlət səfəri. Təbii ki, ikitərəfli münasibətlərin belə dərinləşməsi 23 oktyabr 2020-ci il tarixində baş qərargahımızın müasir diplomatik missiyanın ehtiyaclarına cavab verən daha geniş struktura köçməsi ilə nəticələndi. Eyni zamanda 8 noyabr 2022-ci il tarixində İtaliyada Azərbaycanın Romadakı Səfirliyinin yeni binasının və Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı reallaşdı. Bunlarla yanaşı mədəni və akademik əlaqələr də genişlənir, bunu Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılmasına hazırlıq nümayiş etdirir ki, bu da növbəti uğur hekayəsinə çevrilərək bütün sahələrdə ikitərəfli əməkdaşlığımızı zənginləşdirə bilər.
Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrinin yüksələn xətlə inkişafı qarşılıqlı səfərlərin dinamikliyində, Prezident İlham Əliyevin iştirak etdiyi beynəlxalq tədbirlərin say tərkibində özünün aydın ifadəsini tapır. Sentyabrın 30-da İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə rəsmi, Prezident İlham Əliyevin oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri də bunun bariz nümunəsidir. Hər iki səfər Azərbaycanla Avropa İttifaqı, eyni zamanda, bu quruma üzv dövlətlər arasında əlaqələrin hazırkı inkişaf səviyyəsinin göstəricisidir. Azərbaycan ilə İtaliyanı möhkəm dostluq ənənələrinə və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq birləşdirir. İtaliya Azərbaycanın xarici siyasətində xüsusi yer tutur və Avropa İttifaqı ölkələri arasında onun əsas tərəfdaşıdır. Azərbaycan və İtaliya prezidentlərinin təkbətək və geniş tərkibdə görüşlərində, eyni zamanda, mətbuata bəyanatlarında iki ölkə arasında əlaqələrin ayrı-ayrı sahələrdə inkişafı istiqamətində atılan addımlara, onların uğurlu nəticələrinə bir daha diqqət yönəldildi. Prezident İlham Əliyev bildirdi ki, bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanıb. İkinci sənəd, Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanıb. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edir. Siyasi əlaqələr ən yüksək səviyyədədir. İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilib. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə vermişik. Ümumiyyətlə, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və əsl strateji tərəfdaşlardır.
Azərbaycan və İtaliya arasında iqtisadi əlaqələr getdikcə genişlənir. Bunu ilk növbədə iki ölkə arasında ticarət dövriyyəsini əks etdirən rəqəmlərdən görmək olur. Keçən il Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi 15,7 milyard dollar olub ki, bunun da əsasını ölkəmizin ixracatı təşkil edib. Bu ilin yanvar-iyul aylarında isə ticarət dövriyyəsinin həcmi 6,2 milyard dollara çatıb.
İtaliyanın Cənubi Qafqaz ölkələri arasında əsas ticarət tərəfdaşı Azərbaycandır. Belə ki, onun Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizi Azərbaycanın payına düşür.
İqtisadi əməkdaşlıq bir sıra sahələri əhatə etsə də, öndə enerji tərəfdaşlığıdır. Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri bu tərəfdaşlığın inkişafına yeni bir təkan verəcək. Belə ki, yeni layihələr üçün yollar açılır. Əməkdaşlığın bünövrəsi möhkəm olduğuna görə perspektivlər də böyük, gözləntilər də çoxdur. Məlumdur ki, İtaliya xeyli vaxtdır Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşına çevrilib. Son illərin ən möhtəşəm meqalayihələrindən olan “Cənub qaz dəhlizi”nin axırıncı məntəqəsi də məhz İtaliyadır. Yəni bu dəhliz Azərbaycandan başlayaraq Gürcüstanın,Türkiyənin, Yunanıstanın, Albaniyanın ərazisindən və Adriatik dənizinin altından 3500 kilometr yol keçərək İtaliya torpağına çatır və orada bu ölkənin “Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsi ilə birləşir.
“Cənub qaz dəhlizi”nin sonuncu seqmenti olan TAP (Trans-Adriatik Qaz Boru Kəməri) ölkələrimiz arasında enerji əməkdaşlığını möhkəmləndirən vacib amildir. Bu kəmər 2020-ci il dekabrın 31-dən qaz nəql edir və İtaliyanın enerji təhlükəsizliyinə öz töhfəsini verir. Təkcə keçən il TAP-la İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub. Qeyd edək ki, ölkəmizlə Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Bu həcmin Avropaya ixrac edilməsində “Cənub qaz dəhlizi”nin ayrılmaz hissəsi – TAP-ın da rolu böyük olacaq. Onu da xatırladaq ki, indi bu dəhliz yeni interkonnektorlarla şaxələnir və nəticədə Azərbaycandan qaz alan ölkələrin də sayı getdikcə artır.
Təsadüfi deyil ki, bu il sentyabrın 5-də Romada Prezident İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşündə də enerji sahəsində ikitərəfli əməkdaşlıqdan məmnunluq ifadə edilib. Bu xüsusda TAP layihəsinin əhəmiyyətinə, kəmərin İtaliyanın və Avropa ölkələrinin enerji təhlükəsizliyində roluna toxunulub, xəttin ötürücülük qabiliyyətinin artırılması barədə fikir mübadiləsi aparılıb.
İtaliya Nazirlər Şurasının sədri COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu da vurğulayıb. Söhbət zamanı həmçinin İtaliyanın “Eni S.P.A” şirkəti ilə SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) arasında yeni əməkdaşlıq sahələrinin müəyyən olunması məmnunluqla qeyd edilib, bu şirkətlərin üçüncü ölkələrdə birgə layihələrdə iştirakı məsələsi barədə fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısının “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşündə də neft-qaz, bərpaolunan enerji və iqtisadiyyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın genişləndirilməsi və şaxələndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Qeyd edək ki, “Eni”ni Azərbaycanda yaxşı tanıyırlar. “Əsrin müqaviləsi” çərçivəsində ölkəmizdə aparılan işlərin müxtəlif mərhələlərində bu şirkət fəal iştirak edib. Ən mühüm faktlardan biri də budur ki, “Eni” Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin səhmdarlarından biridir və layihədə 5 faizlik iştirak payına malikdir. Sentyabrın 5-də Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi göstərdi ki, bu şirkətlə əməkdaşlıq və tərəfdaşlığımız daha geniş sahələri əhatə edəcək. Belə ki, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının “Eni S.P.A” şirkəti arasında bioyanacaq və bioxammal sahəsində Anlaşma Memorandumu” mübadiləsi olub. “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının “Eni S.P.A” şirkəti arasında enerji təchizatı təhlükəsizliyi məqsədilə hasilat və midstrim sahəsində neft-qaz layihələri üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu” da mübadilə edilib. Mübadilə edilən sənədlər sırasında “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının “Eni S.P.A” şirkəti arasında enerji keçidi və istixana qazlarının azaldılması sahəsində Anlaşma Memorandumu” da özünə yer alıb.
Ümumiyyətlə, İtaliya işgüzar dairələri ölkəmizə böyük məbləğdə sərmayələr qoyur, həyata keçirilən bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə iştirak edirlər. Hazırda Azərbaycanda 100-dən çox İtaliya investisiyalı kommersiya qurumu sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərir. Təqdirəlayiq haldır ki, düşmən tapdağından azad etdiyimiz Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuğa start verilən ilk vaxtlatdan bu işlərdə İtaliya şirkətləri də fəal iştirak edirlər. Bu faktın özü də getdikcə inkişaf edən iqtisadi əməkdaşlığın parlaq bir nümunəsidir.
Xəzər rayonu, 92 №li tam orta məktəbin müəllimi
Qasımov Ayməddin