AnalitikaGündəmSiyasət

Cəbrayıl, Böyük Qələbəyə gedən yolun müjdəcisidir

Böyük Qayıdışımız məhz Cəbrayıldan, Aprel döyüşlərində azad olunmuş Cocuq Mərcanlı kəndindən başladı. İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır. Bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Çünki müharibənin birinci həftəsində, oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edildi.

Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqı qarşısında dediyi bu sözləri 31 iyul 2023-cü il tarixdə imzaladığı sərəncamla əbədiləşdirdi. 4 oktyabr “Cəbrayıl Şəhəri Günü” elan olundu. Artıq dörd ildir ki, cəbrayıllılar, eləcə də bütün Azərbaycan xalqı bu təqvim gününü yüksək əhval-ruhiyyə ilə, böyük təntənə ilə qeyd edirlər.

Zəfər tarixinə işğaldan azad edilmiş ilk şəhər kimi həkk olunan Cəbrayılda da, azad edilmiş digər ərazilərimiz kimi, yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir. Sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin, məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.

2020-ci ilin 4 oktyabrından başlayaraq dövlətimizin başçısı dəfələrlə rayona səfər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir.

İkinci Qarabağ müharibəsində Cəbrayıl rayonu uğrunda da ağır döyüşlər getdi. Düşmən bu istiqamətlərdə ciddi müdafiə sədləri qurmuşdu. Azərbaycan Ordusunun hissələri qətiyyətlə bu sədləri də darmadağın etdi. Böyük Mərcanlı və Rüzgar kəndləri Vətən müharibəsinin ilk günü azad edildi. Digər kəndlər isə müharibənin gedişi boyu mərhələlərlə düşməndən təmizləndi.

Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Cəbrayılın işğaldan azad olunmasına görə” medalı təsis edildi. Bu, Cəbrayıl uğrunda döyüşən qəhrəmanlara olan yüksək qiymətin göstəricisidir.

Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı dövlətçilik baxımından olduqca əhəmiyyətlidir. Bu ərazidə belə bir təsisatın yaradılması Azərbaycanın sərhədlərinin qətiyyətlə qorunacağının zəmanətidir.

Cəbrayılın azad olunması, onun sakinlərinin həyatına yeni ümidlər gətirmişdir. Bu gün şəhərin yeni infrastruktur layihələri, sosial-iqtisadi inkişaf və mədəniyyətin dirçəlişi ilə bağlı görüləcək işlərin başlanğıcıdır. Cəbrayıl şəhəri müharibənin və çətinliklərin gətirdiyi acılardan sonra yenidən inkişaf etmək, öz tarixi və mədəni irsini yaşatmaq üçün mübarizə aparır.

Cəbrayıl Şəhəri Günü — Cəbrayılın tarixi, mədəniyyəti və əhalisinin mübarizəsinin simvolu olaraq hər il qeyd edilir. Bu gün yalnız keçmişi xatırlamaqla kifayətlənmir, eyni zamanda gələcəyə ümidlə baxmağı da təşviq edir. Cəbrayılın azad olunması, regionun sosial-iqtisadi inkişafına və mədəni irsin qorunmasına yeni imkanlar açır.

Bu gün həmçinin Cəbrayılın gələcək nəsillərə miras qalacaq bir şəhər olaraq bərpasının başlanğıcıdır. Cəbrayıl Günü də sevgi ilə qeyd olunacaq. Bu sərəncam quruculuq işlərinin tərkib hissəsidir – cəbrayıllılar “Cəbrayıl Şəhəri Günü”nün işığında Cəbrayılın qurulduğunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Cəbrayıla ehtiramını, cəbrayıllılara sevgisini bilir.

Ramin Əliyev,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button