AnalitikaGündəmSiyasət

Mina təhlükəsi bütün ciddiyyəti ilə davam edir

Müharibələr və silahlı münaqişələr insan hüquqlarının ən kobud pozuntuları ilə müşayiət olunur və çoxsaylı insan tələfatına səbəb olmaqla yanaşı, insan hüquq və azadlıqlarının tam və hərtərəfli təminatını təhlükə altında qoyur. Bu səbəbdən istər hərbi münaqişə, istərsə də keçmiş münaqişə dönəmlərində insan hüquqlarının təminatı xüsusi əhəmiyyət kəsb edir.

Xüsusilə, uzun müddət davam edən silahlı münaqişələrin gedişində və ondan sonrakı dövrdə minaların yerləşdirilməsi, münaqişələr nəticəsində yurd- yuvalarından qaçmağa məcbur edilmiş şəxslərin geri qayıtması prosesini, ümumilikdə məskunlaşmanı əngəlləyir. Minaların dağıntılara məruz qalmış ərazilərdə bərpa-quruculuq işlərinin görülməsinə, həmin ərazilərə yardımların göstərilməsinə əngəl törətdiyi bilinən gerçəklikdir.

Qarabağ və ətraf ərazilər ən çox minalanmaya məruz qalmış regionlardan biri hesab olunur. Minalar 1990-cı illərin əvvəllərindən bəri Birinci Dağlıq Qarabağ müharibəsi zamanı və ondan sonra həm yerləşdirilmişdir. Ən çox minalanmaya məruz qalmış ərazilər Ağdam, Füzuli və Cəbrayıl rayonları olmuşdur. Bölgə minalar və partlamamış hərbi sursatlar səbəbindən dünyada adambaşına düşən ən yüksək qəza nisbətinə malikdir.

2003-cü ildən məlumatlara görə, Dağlıq Qarabağda qeydə alınan mina partlayışları nəticəsində onlarla insan həlak olub və yaralanıb. Hətta, hesablamalara görə, Dağlıq Qarabağda adambaşına düşən illik hadisələrin sayı Kamboca və ya Əfqanıstan kimi minalardan çox təsirlənən digər ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir.

İkinci Qarabağ Müharibəsindən sonra Dağlıq Qarabağ münaqişəsi zonasının minalardan təmizlənməsi üzrə 2021- ci ildə əməkdaşlıq sazişi imzalanmışdır. Lakin bununla belə, həmin il Kəlbəcər rayonunda minanın partlaması nəticəsində ikisi jurnalist olmaqla 3 mülki azərbaycanlı həlak olmuşdur. Bundan başqa, bir neçə gün öncə “Gizir Xanı” ləqəbi ilə tanınan kəşfiyyatçı Səyyaf Əhmədov mina partlayışı nəticəsində həyatını itirmişdir.

Həmçinin, sentyabın 25- də Prezident İlham Əliyev BMT tribunasında mina təhlükəsinin yaratdığı humanitar problemi vurğulamaqla bu təhlükəyə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin dəstək verməsinin zəruriliyini gündəmə gətirmişdir.

Ümid edirəm ki, aparılan danışıqlar, imzalanan sazişlər sayəsində mina xəritələrinin əldə edilməsi insanların, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas etməklə yanaşı, Qarabağda yenidənqurma layihələrinin və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirməklə, iqtisadi və mədəni inkişafa, sosial rifaha və ekoloji təhlükəsizliyə töhfə vermiş olacaq.

Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi
Yaqublu Şəfiqə

Oxşar Xəbərlər

Back to top button