
XIX əsrin sonlarında yaranan siyasi təşkilatlardan biri olan Erməni İnqilabi Federasiyası – Daşnaksutyun, öz fəaliyyətini ifrat millətçilik ideologiyası üzərində qurmuşdur. Təşkilatın əsas məqsədi “Böyük Ermənistan” yaratmaq ideyasına söykənmiş, bu məqsədə çatmaq üçün müxtəlif dövrlərdə zorakılıq, terror və etnik təmizləmə üsullarından istifadə etmişdir.
Daşnaksutyun 1890-cı ildə Tiflisdə yaradılmış və ilk baxışdan Osmanlı İmperiyasında ermənilərin hüquqlarının müdafiəsi adı ilə fəaliyyətə başlasa da, tezliklə təşkilatın mahiyyəti radikal millətçilik və silahlı fəaliyyətlərlə özünü büruzə vermişdir. Partiyanın əsas ideoloji xətti erməni xalqının “tək və əzəli sahiblər” kimi təqdim edildiyi ərazilərdə digər xalqların yaşamaq hüququnu rədd etmək və həmin əraziləri etnik baxımdan “təmizləmək” idi. Bu cür yanaşma ifrat millətçiliyin klassik formasını təşkil edir və insan hüquqlarına, beynəlxalq hüquq prinsiplərinə tam ziddir.
XX əsrin əvvəllərində Daşnaksutyun partiyası xüsusilə Cənubi Qafqazda azərbaycanlılara qarşı həyata keçirdiyi qırğınlarla yadda qalmışdır. 1918-ci ilin mart ayında Bakı, Şamaxı, Quba və digər bölgələrdə minlərlə dinc azərbaycanlı qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmışdır. Bu qırğınların təşkili və icrasında Daşnaksutyun silahlı dəstələrinin birbaşa iştirak etdiyi tarixi mənbələrdə öz təsdiqini tapmışdır. Partiyanın əsas məqsədi bu bölgələri erməniləşdirmək və azərbaycanlı əhalini tamamilə yox etmək idi.
Daşnaksutyunun siyasi fəaliyyəti yalnız zorakılıqla məhdudlaşmamış, həm də diplomatik və təbliğat müstəvisində aparılmışdır. 1918–1920-ci illərdə mövcud olan müstəqil Ermənistan Respublikasının idarəsində əsas söz sahibi olan Daşnaksutyun hökuməti qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürmüş, xüsusilə Zəngəzur, Qarabağ və Naxçıvan kimi Azərbaycan torpaqlarını Ermənistan ərazisi kimi təqdim etmişdir. Bu siyasət regional qarşıdurmaların dərinləşməsinə səbəb olmuşdur.
Sovet hakimiyyəti illərində Daşnaksutyun mühacirətdə fəaliyyət göstərsə də, 1991-ci ildə Ermənistan müstəqillik əldə etdikdən sonra təşkilat yenidən ölkə siyasətinə daxil olmuşdur. Hazırda da partiya ifrat millətçi baxışlarını qoruyub saxlayır və erməni diasporu arasında bu ideologiyanın təbliğini həyata keçirir. Bu isə regionda sülhə və əməkdaşlığa qarşı ciddi təhdid olaraq qalır.
Daşnaksutyun partiyasının tarixi fəaliyyəti sübut edir ki, ifrat millətçilik ideologiyası həm regionda yaşayan xalqlar arasında nifrətin dərinləşməsinə, həm də etnik zəmində qarşıdurmaların yaranmasına yol açır. Belə ideologiyalar nəinki keçmişdə böyük fəlakətlərə səbəb olmuş, həm də bu gün də sülh proseslərinin qarşısında əsas maneələrdən biri kimi qalmaqdadır. Tarixi təcrübə göstərir ki, qarşılıqlı anlaşma, tolerantlıq və bərabərlik prinsipləri olmadan bölgədə sabit və davamlı sülh mümkün deyil.
Afaq Mustafayeva.
YAP Xəzər rayon təşkilatının mühasibi