
27 Sentyabr Azərbaycan tarixində xüsusi bir gün – Anım Günü kimi qeyd olunur. Bu gün Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın xatirəsinə ehtiramın təcəssümüdür. Məhz onların igidliyi, fədakarlığı və şəhid qanı bahasına bu gün Azərbaycan güclü, qalib və suveren dövlət kimi mövcudluğunu davam etdirir. 2020-ci il 27 Sentyabrda başlayan Vətən müharibəsi xalqımızın milli birliyini, həmrəyliyini və iradəsini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində işğal altında olan torpaqlarımızı azad etdi və tarixi ədaləti bərpa etdi. Bu zəfərin əsasında şəhidlərimizin qanı, qazilərimizin şücaəti, xalqımızın qətiyyəti dayanır.
Anım Günü təkcə şəhidlərimizi yad etmək deyil, həm də gələcək nəsillərə onların qəhrəmanlığını tanıtmaq, vətənpərvərlik hisslərini gücləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün hər bir azərbaycanlının qəlbində həm kədər, həm də qürur hissləri birləşir. Qədim yurd yerlərimizin azad edilməsi uğrunda canını fəda edən qəhrəmanlarımızın ruhu qarşısında baş əyərək, onların əziz xatirəsini yaşatmaq hər birimizin mənəvi borcudur.
27 Sentyabr Anım Günü milli yaddaşımızın silinməz səhifəsidir. Bu gün biz həm şəhidlərimizi anır, həm də Azərbaycanın gələcəyi naminə onların mübarizəsini davam etdirmək əzmimizi təsdiqləyirik. Şəhidlərimizin ruhu qarşısında müqəddəs andımız odur ki, onların qanı bahasına azad edilmiş torpaqlarda daim üçrəngli bayrağımız dalğalanacaq.
YAP Xəzər rayon təşkilatının məsləhətçisi
Aida Əliyeva