AnalitikaGündəmSiyasət

Azərbaycanın Suverenliyinin Tam Bərpası: 19-20 Sentyabr Antiterror Əməliyyatı

2023-cü ilin 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Bu əməliyyat nəticəsində uzun illər işğal altında qalan ərazilərimiz tam azad edildi, ölkəmizin suverenliyi bərpa olundu.

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan qətiyyətli hərbi-siyasi addımlar nəticəsində Xocalı daxil olmaqla, separatçıların at oynatdığı bütün ərazilərdə Azərbaycanın qanuni hakimiyyəti təmin edildi. 15 oktyabr 2023-cü ildə isə tarixi ədalətin simvolu kimi Xocalıda Azərbaycan Bayrağı ucaldıldı.

Bu uğur yalnız hərbi əməliyyatların nəticəsi deyil, həm də illərlə aparılmış məqsədyönlü siyasətin məntiqi yekunudur. Dövlət başçısının qeyd etdiyi kimi, 30 il ərzində atılan hər bir addım — qaçqın və məcburi köçkünlər üçün yaradılmış yaşayış qəsəbələri, diplomatik səylər və ordu quruculuğu — məhz bu günə aparan yolun bir hissəsi idi.

Azərbaycan ordusu 2020-ci il Vətən müharibəsində olduğu kimi, 2023-cü ilin sentyabr əməliyyatı zamanı da beynəlxalq humanitar hüquqa tam riayət edərək fəaliyyət göstərdi. Dinc əhali heç vaxt hədəfə alınmadı. Əksinə, bütün tədbirlər yalnız separatçı silahlı dəstələrin zərərsizləşdirilməsinə yönəldi.

Antiterror əməliyyatı nəticəsində Ermənistan ordusu ikinci dəfə kapitulyasiya etməyə məcbur oldu. Bu hadisə Azərbaycanın bölgədə sülh, ədalət və sabitlik naminə mübarizəsinin təntənəsidir.

Elman Məmmədov
Ərazi Partiya təşkilatıının sədr müavini, RTTTYM PHŞ-da Texniki Dəstək bölmə müdiri

Oxşar Xəbərlər

Back to top button