
2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etmək məqsədilə Vətən müharibəsi başladı. Bu müharibə, uzun illər işğal altında qalan torpaqlarımızın azad olunması üçün xalqımızın bir yumruq kimi birləşdiyi tarixi bir dövr oldu. Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində misilsiz qəhrəmanlıq və şücaət göstərdi. Bu müddət ərzində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər rayonlarımız, eləcə də qədim Şuşa şəhəri işğaldan azad edildi. Şuşanın azad olunması isə müharibənin taleyini həll edən ən mühüm zəfərlərdən biri oldu.
Müharibə 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının qəti qələbəsi ilə başa çatdı. Bu qələbə Azərbaycan xalqının iradəsinin, dövlətimizin gücünün və ordumuzun peşəkarlığının bariz nümunəsi idi. Vətən müharibəsi nəticəsində 30 ilə yaxın davam edən işğala son qoyuldu və ərazi bütövlüyümüz bərpa edildi. Bu yolda minlərlə qəhrəman oğul və qızımız şəhidlik zirvəsinə ucaldı. Onların hər biri xalqımızın yaddaşında əbədi yaşayacaq, adları qürurla anılacaq.
Azərbaycan Respublikasında sentyabrın 27-si Vətən Müharibəsinin Anım Günü kimi qeyd olunur. Həmin gün bütün ölkə üzrə şəhidlərimizin ruhuna dualar edilir, onların əziz xatirəsi ehtiramla yad olunur. Anım Günü həm hüzn, həm də qürur günü kimi tarixdə xüsusi yer tutur. Bu gün biz həm qəhrəman şəhidlərimizi anır, həm də müzəffər ordumuzun qazandığı böyük zəfəri xatırlayırıq. Vətən müharibəsi Azərbaycan xalqının birliyinin, milli iradəsinin və gücünün dünyaya nümayişi oldu.
Tamerlan Qurbanov
YAP Siyəzən rayon təşkilatının məsləhətçisi