
Azərbaycanın tarix yaddaşında bəzi günlər var ki, onlar təkcə təqvimdəki bir tarix deyil, həm də xalqın taleyində dönüş nöqtəsi kimi əbədi qalır. 20 sentyabr artıq ikinci ildir ki, “Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü” kimi qeyd olunur. Bu gün xalqımız üçün həm nisgilin, həm də qürurun, həm kədərin, həm də böyük zəfərin rəmzidir.
Uzun illərdir ki, Qarabağ torpaqları düşmən tapdağı altında idi. Bu illər təkcə torpaqlarımızın işğalı deyildi, həm də minlərlə insanın didərgin düşməsi, doğma evinə həsrət qalması demək idi.
Xocalı adı hər kəsin qəlbində bir yaradır. 1992-ci ilin fevralında baş verən Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biri oldu. Qocalar, qadınlar, uşaqlar qətlə yetirildi, şəhər isə viran qoyuldu.
.Xankəndi uzun illər işğalçıların qeyri-qanuni rejiminin mərkəzinə çevrilmişdi. Azərbaycan xalqı oraya yalnız uzaqdan, həsrət dolu baxışlarla boylana bilirdi.
Ağdərə və Xocavənd də eyni taleyi yaşadı – dağıntılar, məcburi köçkünlük, susqun qalan evlər, uçurulmuş məscidlər və viran qoyulmuş kəndlər…
Bu şəhərlərin hər daşında xalqımızın izi vardı. Amma o izlər uzun müddət işğal tozunun altında qaldı.
Amma tarix 2020-ci ildə yeni səhifə açdı. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəmanlıq salnaməsi yazdı. Şuşanın azad olunması qələbənin açarı oldu və Qarabağın böyük hissəsi yenidən dövlətimizin suverenliyi altına qayıtdı. 2023-cü ilin sentyabrında isə antiterror tədbirləri nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə üçrəngli bayrağımız ucaldıldı. Bununla da Azərbaycan işğal səhifəsini əbədi bağladı.
Azərbaycan dövləti hər bir zəfəri yalnız hərbi qələbə ilə məhdudlaşdırmadı, onu tarixi yaddaşa köçürdü. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli sərəncamı ilə işğaldan azad edilən şəhərlərin “Şəhər günləri” təsis olundu.
2024-cü ilin 18 sentyabrında isə həmin sərəncama dəyişiklik edilərək 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin rəsmi “Şəhər günü” elan edildi. Bu qərar tariximizin işıqlı səhifəsini rəsmiləşdirdi.
Bu günün mahiyyəti yalnız rəsmi tədbirlərlə məhdudlaşmır. Onun içində həm Xocalıda itirilən günahsız canların ruhuna hörmət, həm Ağdərədə dağılmış evlərin bərpa ümidi, həm də Xankəndi və Xocavənd küçələrində uşaq gülüşlərinin yenidən səslənəcəyi günlərin həsrəti var.
Məcburi köçkünlər üçün bu gün doğma yurda dönüşün yol xəritəsidir. İllərlə “qayıdış” kəlməsini ürəklərində daşıyan insanlar artıq doğma evlərini görmək, bağlarını yenidən yaşıllaşdırmaq ümidini yaşayırlar. Dövlətin “Böyük Qayıdış” proqramı da bu ümidləri gerçəyə çevirmək üçün sürətlə həyata keçirilir.
Hər il 20 sentyabrda Azərbaycan xalqı həm anır, həm də qürurlanır. Bu tarix bizə keçmişin dərslərini xatırladır, gələcəyimizə inam və güc verir. Çünki Xankəndi, Xocalı, Xocavənd və Ağdərə yalnız coğrafi məkan deyil – xalqımızın dözümünün, birliyinin və qələbəsinin simvoludur.
Azərbaycan xalqı bu gün bir daha dünyaya bəyan edir: heç bir torpaq unudulmayacaq, heç bir haqq tapdanmayacaq. Qanla, canla qorunan bu yurd əbədi olaraq bizimdir. Qarabağ Azərbaycandır – dünən, bu gün və sabah!
Nərmin Muradzadə,
Bakı Slavyan Universiteti Sosial Elmlər və Regionşünaslıq Fakültəsi Jurnalistika İxtisası Aj-401