
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanılıb.
Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib.
Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.
O qeyd edib ki, qazanılan Şanlı Qələbə Ali Baş Komandan, Prezident İlham Əliyevin «Dəmir yumruq» siyasəti ilə Güclü Ordumuzun əsgər və zabitlərimizin rəşadətilə əldə edilib. Bizim Prezidentimiz daima xalqı ilə, xalq da öz Prezidenti ilə birlikdədir.
Məhz bu birliyin, həmrəyliyin reallığıdır ki, Prezidentimizin ilk gündən çağırışına bütün Azərbaycanın igid oğuları, ehtiyatda olan əsgər və zabitləri səs verərək, müsəlləh əsgər kimi döyüş meydanına yollandılar, onlardan bəziləri torpaqlarımızın azadlığı yolunda canlarından keçərək Şəhidlik zirvəsinə yüksəldilər.
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmiz, ondan üç il sonra- 2023-cü ilin 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar mövcuddur, ən əsası sonda zəfər çalan yalanlar deyil, real faktlara, tarixi həqiqətlərə söykənən siyasət olur.
Dövlət başçımız İlham Əliyevin son 20 illik prezidentlik fəaliyyəti zamanı reallığa çevirdiyi bütün uğurların şahidləriyik. 20 il öncə xalqımız etimad mandatı verərək özünə Prezident seçdiyi İlham Əliyevə inandı, güvəndi və səbirlə gözlədi.
Sözü imzası qədər keçərli olan Azərbaycan Prezidenti tam müstəqil siyasəti ilə 20 ildə Ermənistanı dünyada işğalçı dövlət kimi tanıda bildi. Bununla bağlı beynəlxalq təşkilatlarda qətnamələrin, bəyanatların qəbul olunmasına nail oldu. Amma işğalçının havadarları imkan vermədilər ki, münaqişə sülh yolu ilə tənzimlənsin və Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarsın.
Prezident, Ali Baş Komandanımız İlham Əliyevin dirlomatik və qətiyyətli siyasəti ilə son dörd ildə xalqımızın hüzn tarixləri bayram günləri ilə əvəz edilib. Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.
Əyyub Əliyev,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi