
XXI əsrdə beynəlxalq təhlükəsizliyi təhdid edən əsas faktorlardan biri qeyri-dövlət silahlı qruplarının fəaliyyəti və terror aktlarıdır. Cənubi Qafqaz regionu son otuz ildə silahlı münaqişələr, etnik gərginlik və separatçı hərəkatların mərkəzi olub. 2020-ci ilin 44 günlük müharibəsindən sonra bölgədə yeni təhlükəsizlik reallığı formalaşsa da, qeyri-qanuni silahlı dəstələrin varlığı Azərbaycan üçün daim risk mənbəyi olaraq qalırdı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Qarabağ bölgəsində keçirdiyi lokal xarakterli antiterror tədbirləri, 44 günlük Vətən mühabəsindən sonra dövrün ən mühüm siyasi- hərbi hadisələrindən biri kimi qiymətləndirilir. Bu əməliyyat təkcə qısa müddətli hərbi toqquşma deyil, həm də Azərbaycan dövlətinin suverenliyini tam bərpa etmək, konstitusiya quruluşunu bölgədə tətbiq etmək və qanunsuz silahlı dəstələri zərərsizləşdirmək məqsədi daşıyırdı. Bu hadisə Cənubi Qafqazda sülh prosesi üçün yeni mərhələnin başlanğıcı hesab olunur.
2023-cü ilin 19 sentyabrında başlanmış lokal antiterror tədbirlərinin əsas səbəbləri həm humanitar, həm də hüquqi xarakter daşıyırdı. 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı erməni hərbiçiləri buranı tərk edib Ermənistana çəkilməli idi. Ancaq Erməni güclərinin Azərbaycan torpaqlarından çıxarılmasını ön görən 10 noyabr bəyannaməsinin yerinə yetirilməməsi, bölgədə yeni bir münaqişə riskini artırdı. Ayrıca Qarabağ bölgəsindəki qanunsuz silahlı qruplar, Azərbaycan silahlı qüvvələrinə hücumlar başlatdılar. Bu zaman Silahlı Qüvvələrimiz onlara qarşı mərhələ-mərhələ lokal əməliyyatlara başladı.
Ermənistan Respublikasının Baş Naziri N.Paşinyan 10 noyabr bəyanatında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək Ermənistan hərbi qüvvələrini buradan çıxarmadı, öncəsində bu qüvvələrin Ermənistana məxsus olduğunu qəbul etsə də sonradan onların Dağlıq Qarabağ özünümüdafiə qüvvələri olduğunu, rus sülhməramlıları tərəfindən müdafiə edildiyini bildirdi. Azərbaycan Ordusun mövqeləri ilə üzbəzüz ərazilərdə təkmilləşdirmə məqsədilə fəal mühəndis-istehkam işlərinin həyata keçirilməsi, silah və texnika cəhətdən mövqelərin gücləndirilməsi, kəşfiyyat-diversiya qruplarının fəaliyyətinin aktivliyi, terror-təxribat məqsədilə minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların yenidən minalanması hadisələri mütəmadi olaraq kəşfiyyat və müşahidə vasitələrimiz tərəfindən müəyyən edilirdi. Vətən müharibəsindən sonra Ermənistandan Azərbaycana qanunsuz silah-sursat , minalar, şəxsi heyətin daşınması üçün Şuşa şəhərindən yan keçən torpaq yol çəkilmişdi və 2021-ci ildə Ermənistanda istehsal edilən minalar əsasən yaşayış məntəqələrinə və qəbirstanlıqlara yaxın ərazilərdə, meşəlik və magistral yollarda, eyni zamanda təmas xəttinin 2 km genişliyində 100 km-ə yaxın ərazilərdə basdırılmışdı. 480 km-ə qədər təmas xətti boyu bölmələrimizin və mülki sakinlərimizin hərəkətini izləmək məqsədilə Ermənistan silahlı qüvvələrinə məxsus 200-dən artıq müşahidə kamerasının quraşdırıldığı Ordumuzun kəşfiyyat vasitələri tərəfindən müəyyən olunmuşdur.
Başqa bir məsələ isə Ermənistan silahlı birləşmələrinin qalıqlarının qaldığı ərazilərdə “Voma”, “Yerkrapah” “Artsiv-30-Ararat” terror təşkilatları və “İşığın ordusu”, “Qırmızı beretlilər 5165″, “Erməni qartalları”, “Aramo 114″ könüllü dəstələrinin 11 təlim və tədris mərkəzində döyüş hazırlığı və atış çalışmalarına cəlb edilməsi idi. 2021-ci il 8 noyabrında İlham Əliyev Şuşada olarkən qaz təmirçisi kimi maskalanmış Xankəndindən olan 4 diversant hərbiçilərimiz tərəfindən vuruldu, biri öldü, üçü yaralandı. Ölənin qardaşı isə postda dayanan əsgərimizə qumbara ataraq yaraladı.
2022-ci il martın 26-sı səhər saatlarında dumanlı hava şəraitindən istifadə edərək qeyri-qanuni erməni silahlı dəstələri ordumuza qarşı təxribat törətməyə cəhd göstərdilər, Ancaq onların qarşısı alındı. 2022-ci il avqustun 3-də qeyri-qanuni erməni silahlı dəstələri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən yüksəklikləri ələ keçirmək və orada yeni döyüş mövqeləri qurmaq məqsədilə Azərbaycan Ordusunun bölmələrinə qarşı növbəti terror-təxribat əməli törətdi. Buna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyi erməni separatçılarına qarşı “Qisas” əməliyyatını həyata keçirdi. Qarabağ silsiləsi boyunca Buzluq, Üçdik, Qırxqız, Sarıbaba və digər strateji əhəmiyyətli yüksəkliklər azad olundu. 2023-cü il martın 5-də səhər saatlarında Ermənistandan hərbi ləvazimatların, silah-sursat və şəxsi heyətin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınması barədə operativ məlumatlar daxil oldu. Nəqliyyat vasitəsinin bölmələrimiz tərəfindən yoxlanılması zamanı bu tələbə tabe olmayan erməni silahlı dəstələri hərbi qulluqçularımıza atəş açdı , həlak olanlar və yaralananlar oldu. 2023-cü ilin aprelin 22-si saat 17:00 radələrində Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda növbəti təxribat törədildi. Kənd ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələri daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən yolun hərəkət hissəsinə qəsdən basdırılmış tank əleyhinə minaya düşərək partladı. Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralandı, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşdü. Bundan başqa, yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri piyada əleyhinə minaya düşərək xəsarət aldı. Beləliklə özündə kapitulyasiya aktını ehtiva edən Üçtərəfli Bəyanatın imzalandığı vaxtdan 2023-cü ilin sentyabr ayınadək olan dövrdə Ermənistan tərəfindən həyata keçirilən təxribatlar antiterror əməliyyatının keçirilməsini labüd etmişdir.
Sentyabrın 19-da ölkəmizin dövlət qurumlarına məxsus iki nəqliyyat vasitəsinin qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minalara düşərək partlaması nəticəsində polis əməkdaşları, mülki vətəndaşlarımız və hərbi qulluqçularımız həlak oldu və yaralandı. Nəticə olaraq ordumuz bu qanunsuz silahlı birlikləri silahsızlaşdırmağı məqsəd qoyan bir bir antiterror əməliyyatı həyata keçirdi. əməliyyat 19 sentyabr 2023-cü il saat 13:10-da başladı(saat 13:22-də artıq əməliyyatın başlaması barədə müdafiə nazirliyi rəsmi məlumat verdi) və 20 sentyabr 13:00-da bitdi. 23 saat 43 dəqiqə sürən bu əməliyyat zamanı döyüş cəmi 6 saat çəkdi, qalan vaxt isə təslim haqqında danışıqlara sərf olundu.Nəticədə Ermənistan ordusunun 15 minlik ekspedisiya korpusu təslim oldu, ikinci dəfə kapitulyasiya aktına qol çəkildi. İ.Əliyev 15 oktyabrda Ağdərə, Xankəndi və Xocalıya dövlət bayrağını asdı.
Qeyd etmək lazımdır ki, bu əməliyyata Quru Qoşunlarının komando, mexanikləşdirilmiş və motoatıcı bölmələrinin bir qismi, Hərbi Hava qüvvələrinin, Hərbi Dəniz qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin bəzi qrupları cəlb olunmuşdur. Dəqiq zərbələrlə düşmənin 1761 hədəfi sıradan çıxarılmış, qısa zaman ərzində düşməninn 90-dan çox döyüş mövqeyi ələ keçirilmişdir. Cəmi 1 gün ərzində 406 km2 ərazi yad ünsürlərdən təmizlənərək tam nəzarətimiz altına alındı. əməliyyat zamanı düşmən ölən 310 nəfər və yaralı 614 nəfər olmaqla şəxsi heyətini itirdi. Statistik məlumatlara əsasən 19-20 sentyabr tarixlərində Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tank, 22 artilleriya sistemləri, 14 minaatan, 3 zenit kompleksi, 8 REM vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla silah və texnikası məhv edildi. Həmçinin əməliyyatın nəticəsi olaraq 1731 müxtəlif döyüş texnikası, artilleriya vasitələri, zenit-raket qurğuları, hərbi avtomobil, xüsusi texnika və digər döyüş vasitələri, eləcə də 18664 atıcı silah düşməndən müsadirə edilərək götürüldü. Əməliyyat şimalda beş, cənubda isə səkkiz olmaqla 13 istiqamətdə həyata keçirilmişdir. əməliyyatın keçirildiyi ərazilərin relyefini nəzərə alaraq bölmələrimiz kiçik qruplar halında hərəkət edirdi. Nəticədə ordumuz qısa bir müddət ərzində Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd, eləcə də Xankəndi-Xocalı istiqamətində düşmənin dərinliyinə 5-26 kilometr irəliləyərək həmin istiqamətlərdəki bütün yolları nəzarət altına almışdı. Artıq bir neçə saatdan sonra düşmən dərinliyinə sızan və 9,5 km irəliləyən xüsusi təyinatlı bölmələrimiz bütün istiqamətlərdə əraziyə giriş-çıxışa nəzarətin tam təmin olunması üzrə tapşırığı uğurla icra etmişdilər.
Əməliyyat zamanı Ordumuzun bölmələri yaşayış məntəqələrinə daxil olmadı və erməni əsilli mülki əhali ilə təmasa girmədi. Yaşayış məntəqələri və orada yaşayan əhali zərər çəkməsin deyə əməliyyatda iştirak edən bölmələrin arxasınca hərəkət edən Daxili Qoşunların qüvvələri ilə mülki əhali silahlı toqquşmadan təcrid edildi. Mülki infrastruktura və əhaliyə, yaşayış məntəqələrinə zərbələr endirilmədi. Əməliyyatdan öncə və əməliyyat zamanı kiber vasitələrin, eləcə də radio, televiziya, səsgücləndiricilər və mobil nömrələrinə göndərilən sms-lər vasitəsilə Qarabağ iqtisadi zonasında məskunlaşmış erməni əsilli mülki əhaliyə çağırışlar edildi, onlara bütün humanitar yardımların göstəriləcəyi, o cümlədən zəruri ərzaq, yemək, su və bütün tibbi yardımların veriləcəyi barədə məlumatlar çatdırıldı. Onlara silaha əl atmamaq, hərbi obyektlərdən uzaq olmaq, eləcə də əməliyyatın keçirildiyi ərazilərə gəlməmək barədə çoxsaylı xəbərdarlıqlar edildi, erməni və rus dillərində müxtəlif vasitələrlə vərəqələr paylanıldı.
Beləliklə, 19–20 sentyabr 2023-cü il əməliyyatı Azərbaycan üçün strateji əhəmiyyət daşıyan bir hadisə oldu. Əməliyyat nəticəsində Qarabağda erməni silahlı dəstələr təslim olaraq silahlarını təhvil verdilər, bölgədə təhlükəsizlik və dövlət nəzarəti tam bərpa edildi. Hadisə yalnız hərbi uğur kimi deyil, həm də Azərbaycan dövlətinin hüquqi mövqeyini gücləndirən və regionda sülh prosesinə töhfə verən bir addım kimi qiymətləndirilə bilər. Bu əməliyyat göstərdi ki, qanunsuz silahlı qruplara qarşı qətiyyətli addımlar, beynəlxalq hüquq və dövlət qaydalarına əsaslanaraq atıldıqda, regionda uzunmüddətli stabillik təmin oluna bilər.
Xəzər rayonu, 92 №li tam orta məktəbin tarix müəllimi
Əsədova Əminə