M.Zaxarova: Rusiya Azərbaycan-Ermənistan danışıqlarını keçirməyə hazırdır
Rusiyanın Ermənistanla Azərbaycan arasında danışıqları keçirmək təklifi qüvvədədir.
Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib.
Onun bu gün yayılmış şərhində qeyd olunur ki, əgər Ermənistan tərəfi həqiqətən problemlərin yüksək səviyyədə qəbul olunmuş üçtərəfli razılaşmalar baxımından həllində maraqlıdırsa, birgə iş davam etdirilməlidir. Rusiyanın danışıqların təşkilinə dair təklifi qüvvədədir.
M.Zaxarova xatırladıb ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün 2022-ci il dekabrın 23-də Moskvada keçirilməsi planlaşdırılmışdı. İki ölkə liderləri bu görüşə razılıq vermişdilər. Məhz Ermənistan tərəfi son anda xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya səfərini ləğv etdi. Bu, təkcə sülh müqaviləsini deyil, digər vacib məsələlərin, o cümlədən Laçın yolu ətrafında vəziyyətin müzakirəsini təxirə saldı.
Rusiya XİN rəsmisi vurğulayıb ki, rəsmi İrəvan sülh müqaviləsinin 1991-ci il Almatı bəyannaməsi əsasında imzalanmasına razılıq verib. Bu sənədə əsasən, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.