
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətində yüksək dinamika müşahidə edilir. Ölkəmizin Mərkəzi Asiya, eyni zamanda, regionun türkdilli dövlətləri, o cümlədən Türkmənistanla genişlənən əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir.
Türkmənistan ilə Azərbaycan arasında münasibətlər qədim tarixə söykənir. Azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malikdirlər. Bundan əlavə, xalqlarımızı dil və din eyniliyi də birləşdirir. Ölkələrimizin müstəqilliyinin bərpasından sonra münasibətlərimiz daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
22 avqustda Azərbaycan Cənab Prezidenti İlham Əliyev Türkmənistana işgüzar səfər edib. Səfər zamanı Azərbaycan Prezidenti ilə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun görüşləri olub. Bu görüşləri iyulun 16-da Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri zamanı keçirilən görüşlərin bir növ davamı kimi qiymətləndirmək olar.
Qurbanqulu Berdiməhəmmədovun keçən ay Azərbaycana səfəri zamanı Bakıda əhatəli danışıqlar apardıqdan sonra səfərin növbəti günü, iyulun 17-də həm də Azərbaycanın işğaldan azad olunmuş ərazilərini, o cümlədən Füzuli və Şuşa şəhərlərini ziyarət etməsi Türkmənistan və Azərbaycanın qardaş dövlətlər, qardaş xalqlar kimi bir-birinin yanında olması baxımından çox mühüm əhəmiyyət kəsb edir.
Həm keçən ay Azərbaycanda, həm də indi Türkmənistanda keçirilən görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məsələləri nəzərdən keçirilib. İki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, enerji, nəqliyyat, logistika, tranzit, rəqəmsallaşma, mədəni əlaqələr üzrə böyük perspektivlərin olduğu qeyd edilib.
Azərbaycan Prezidentinin Türkmənistana səfəri çərçivəsində həm də Azərbaycan, Türkmənistan, Özbəkistan arasında yüksək səviyyəli Zirvə görüşü keçirilib və mühüm sənədlər imzalanıb. Bu görüş və imzalanan sənədlər göstərir ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqton görüşündən sonra region ölkələrinin əməkdaşlığına yeni abı-hava gəlib.
Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Bəyannamə Azərbaycanın 2020-ci il qələbəsini, 2023-cü il sülh razılaşmasını və regionda qurduğu yeni təhlükəsizlik nizamını bir daha təsdiq etməsi, həmin Bəyannamənin ABŞ-in Azərbaycanla münasibətlərini “strateji tərəfdaşlıq” səviyyəsinə qaldırılmasına yol açması, eləcə də imzalanan Birgə Bəyannamənin əsas müddəalarından birinin Azərbaycan və Ermənistan arasında nəqliyyat və kommunikasiya əlaqələrinin açılması öhdəliyinin olması, Zəngəzur dəhlizinin açılması üçün hüquqi əsasın yaradılması təkcə Azərbaycan və Ermənistan üçün yox, bütövlükdə bölgə ölkələrinin xeyrinədir.
Zəngəzur dəhlizinin açılması Azərbaycanın Türkiyə və Türk dünyası arasında əlaqələrinin güclənməsinə də öz töhfəsini verəcək. Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksək səviyyəli görüşün yekunlarına dair birgə bəyanatda xüsusi vurğulandığı kimi, bu görüş xalqlarımızın maraqları naminə strateji tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş möhkəm siyasi iradəni əyani şəkildə nümayiş etdirdi.
Bu tarixi görüş ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə, dayanıqlı ticarət, nəqliyyat və energetika dəhlizlərinin yaradılmasına, həmçinin regional inteqrasiya proseslərinin sürətlənməsinə xidmət edəcək. Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi birləşdirən mühüm geostrateji mövqeyə malikdir. Bu amil ölkələrimiz qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni imkanlar açıb.
Bu üç ölkənin iqtisadi əməkdaşlıq baxımından potensialının yüksək səviyyədə hərəkətə gətirilməsi regionumuz daxilində geoiqtisadi əməkdaşlığı gücləndirməyə imkan verəcək, bu isə təkcə Azərbaycan, Türkmənistan və Özbəkistana yox, həm də bütövlükdə Avrasiya regionunun inkişafına töhfə verəcək.
Ramin Əliyev
Yeni Azərbaycan Partiyası, məsləhətçi