
“Azərbaycan milli mətbuatı bu gün şərəfli və zəngin bir tarix, güclü ideoloji irs, vətənpərvərlik ruhu və ictimai məsuliyyət hissi ilə 150 illik yubileyini qeyd edir. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr edilən “Əkinçi” qəzeti ilə təməli qoyulan bu müqəddəs yol Azərbaycan xalqının milli oyanışı, maariflənməsi, müstəqillik arzusu və demokratik cəmiyyət quruculuğu üçün əsl ideoloji silaha çevrildi. Ulu Öndərimiz Heydər Əliyev deyirdi ki, Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. Doğrudan da, “Əkinçi” qəzetinin maarifçilik missiyası, milli özünüdərk çağırışı və cəsarətli ideyaları mətbuat tariximizin mənəvi bünövrəsinə çevrildi. Qısa ömürlü olmasına baxmayaraq, “Əkinçi” Azərbaycan mətbuatının ruhunu formalaşdırdı və onun yolunu onlarla qəzet və jurnal davam etdirdi: “Ziya”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Açıq Söz”, “İrşad” və digərləri milli şüurun oyanışına böyük təkan verdi”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Azərbaycan mətbuatı ölkənin müstəqilliyini bərpa etdiyi dövrdən başlayaraq yeni bir mərhələyə qədəm qoydu. Mətbuat sahəsində senzura ləğv edildi, demokratik dəyərlərin yayılmasına geniş meydan açıldı. Ulu Öndərimiz Heydər Əliyev bu istiqamətdə mühüm addımlar atdı, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ciddi islahatlar həyata keçirdi. O, sözün həqiqi mənasında jurnalistlərin dostu oldu. Prezident İlham Əliyev isə bu siyasəti yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirərək deyirdi ki, mətbuat operativ, qərəzsiz, çevik və məlumatlı olmalıdır. Bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır.
“İnformasiya texnologiyalarının sürətli inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin fəal iştirakçısına çevirib. 2021-ci ildə qəbul edilən “Media haqqında” Qanun, eləcə də Medianın İnkişafı Agentliyinin yaradılması medianın peşəkarlıq səviyyəsini yüksəltmək, iqtisadi əsaslarını gücləndirmək və informasiya təhlükəsizliyini təmin etmək baxımından mühüm mərhələdir. Eyni zamanda, jurnalistlərin sosial rifahı sahəsində də mühüm tədbirlər görülür: güzəştli ipoteka kreditləri, vergi azadolmaları, “Jurnalistlərin dostu” mükafatları və s. Bu, dövlətin sözə və söz adamına verdiyi dəyərin təzahürüdür.
Rəşadət Xalıqov qeyd edib ki, Azərbaycan mətbuatı təkcə sülh dövrünün yox, həm də müharibənin əsgəri olub. 44 günlük Vətən müharibəsində jurnalistlər informasiya cəbhəsinin önündə dayandı, haqq səsimizi dünyaya çatdırdı, dezinformasiyaya qarşı qətiyyətlə mübarizə apardı. Cəbhədə şəhid olan və yaralanan media əməkdaşları bu peşənin nə qədər məsuliyyətli və şərəfli olduğunu bir daha sübut etdilər. Bu gün mətbuat yalnız informasiya ötürən deyil, həm də dövlətçiliyin təbliğatçısı, cəmiyyətin tərəqqi gücüdür. Sözün məsuliyyətini daşıyan, vətənpərvərlik, obyektivlik, etik dəyərlərə sadiq jurnalistlər bu gün də milli maraqların keşiyindədir.