
“Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün keçirilməsi tarixi hadisə idi. Bu sözsüz ki, müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri kimi xarakterizə olunur. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə gələn qonaqları salamlayaraq ölkəmizin indiki uğurlarının əldə olunması istiqamətində keçdiyi tarixi yola nəzər salıb. Dövlətimizin başçısı ECO-nun Azərbaycanda keçilməsinin əhəmiyyətinə toxunamqla yanaşı Qazaxıstana da ötən dövr üçün uğurlu sədrliyi münasibətilə öz təşəkkürlərini çatdırıb.” Prezident İlham Əliyev çıxışında Ermənistanın təxminən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxladığını, bu müddətdə bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qalaraq yurdlarından didərgin düşdüyünü diqqətə çatdırıb. İşğal dövründə Ermənistan tərəfindən törədilən mədəni və dini vandalizm misli görünməmiş miqyasda idi. Bu faktlar beynəlxalq miqyasda da insan hüquqları pozuntuları və dini dözümsüzlük nümunəsi kimi dəyərləndirilir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Böyük Qayıdış proqramı çərçivəsində artıq 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub, hazırda bu ərazilərdə 50 mindən çox insan yaşayır və çalışır. Bu regionda yeni şəhərlər və kəndlər inşa olunur, yollar, məktəblər, xəstəxanalar və enerji infrastrukturunun qurulması istiqamətində işlər sürətlə davam etdirilir. Bütün bu fəaliyyətlər postmünaqişə dövründə sülh, inkişaf və reinteqrasiya modelinin yaradıldığını göstərir. Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı vurğulayıb ki, son 20 il ərzində ölkə iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə yatırılıb və bunun da yarısı xarici sərmayədir. Bu faktor sabit, açıq və əlverişli sərmayə mühitinin göstəricisidir. Dövlətimiz hazırda 12 ölkəyə təbii qaz ixrac edir və enerji təhlükəsizliyinin təminatçısı kimi uğurla fəaliyyət göstərir. Bununla yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ölkə ərazisindən keçməsi onu regionda strateji logistika və nəqliyyat qovşağına çevirib. ECO-ya üzv dövlətlərin əksəriyyəti həmin dəhlizlərdən istifadə edir ki, bu da regional ticarət və iqtisadi əlaqələrin genişlənməsinə əhəmiyyətli töhfə verir.
Bütün bu faktlar Azərbaycanın regionda davamlı sülh, inkişaf və əməkdaşlıq üçün real mexanizmlər qurduğunu bir daha nümayiş etdirir. Xankəndidə keçirilən Zirvə görüşü ölkəmizin geosiyasi gücü, diplomatik fəallığı və iqtisadi potensialının nümayiş olunduğu mühüm bir platforma kimi tarixə düşüb.
Bədiyyə Sadıqova
Yeni Azərbaycan Partiyası,Məsləhətçi