
2025-ci il iyulun 4-də qədim Azərbaycan torpağı olan Xankəndi şəhəri mühüm beynəlxalq tədbirə ev sahibliyi etdi – İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü məhz burada keçirildi. Bu hadisə həm Azərbaycanın daxili siyasi sabitliyini və iqtisadi inkişafını, həm də regionda artan nüfuzunu göstərmək baxımından tarixi əhəmiyyət daşıyır. Xankəndidə belə bir yüksək səviyyəli beynəlxalq toplantının keçirilməsi regionun sülh, əməkdaşlıq və inkişaf məkanına çevrilməyə başladığının sübutudur. Zirvə görüşündə üzv ölkələrin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların təmsilçiləri iştirak etdilər. Tədbirin Xankəndidə keçirilməsi yalnız rəmzi xarakter daşımırdı. Bu, həm də Azərbaycanın Qarabağ bölgəsində suverenliyini tam bərpa etdiyini, burada normallaşma prosesinin uğurla irəlilədiyini nümayiş etdirdi. Xankəndinin seçilməsi regionda sabitliyin möhkəmləndirilməsi və bütün ECO məkanında qarşılıqlı etimadın dərinləşdirilməsi üçün strateji mesaj idi. Azərbaycanın ev sahibliyi etdiyi bu zirvə görüşü təşkilatın tarixində artıq üçüncü belə hadisədir. Ölkə daha əvvəl 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda ECO zirvələrinə ev sahibliyi etmişdi. Bu ardıcıl addımlar Azərbaycanın təşkilat daxilində artan rolunun, təşəbbüskar mövqeyinin və regional əməkdaşlığa verdiyi önəmin göstəricisidir. Xankəndi Zirvəsində diqqət mərkəzində olan əsas məsələlər nəqliyyat dəhlizlərinin inkişafı, ticarət əlaqələrinin genişləndirilməsi, enerji təhlükəsizliyi, ərzaq təminatı və ekoloji problemlərlə mübarizə idi. Azərbaycanın regionda yaratdığı yeni nəqliyyat və logistika imkanları, xüsusilə Zəngəzur dəhlizinin perspektivləri tədbirin əsas mövzuları sırasında idi. Bu təşəbbüslər təkcə ölkə üçün deyil, ümumilikdə ECO məkanı üçün strateji əhəmiyyət kəsb edir. Qarabağda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri fonunda Xankəndidə belə bir tədbirin keçirilməsi həm də ölkənin inkişaf modelini nümayiş etdirir. Burada artıq yeni infrastrukturlar qurulub, iqtisadi fəallıq artmağa başlayıb. Belə tədbirlər isə regionun iqtisadi həyatına yeni nəfəs verir, xarici sərmayəni cəlb edir və dayanıqlı inkişaf üçün zəmin yaradır. Zirvə görüşündə çıxış edən nümayəndələr Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfəni xüsusi vurğuladılar. Bildirildi ki, Azərbaycan yalnız təbii resurslar ölkəsi deyil, eyni zamanda mühüm tranzit və ticarət qovşağı, mədəniyyətlərarası dialoqu təşviq edən etibarlı tərəfdaşdır. Bu mövqe ECO-nun gələcək fəaliyyətində Azərbaycanın təşəbbüslərinin mühüm yer tutacağını göstərir. Qazaxıstanın təşkilata uğurlu sədrliyi də tədbirdə yüksək qiymətləndirildi. Yığıncaqda qəbul olunan sənədlər və qarşıya qoyulan yeni məqsədlər isə ECO-nun iqtisadi, siyasi və sosial sahələrdə fəaliyyətini daha da gücləndirməyə yönəlib. Burada Azərbaycan və digər üzv dövlətlərin maraqlarının uzlaşması və ortaq dəyərlər əsasında fəaliyyətin genişləndirilməsi ön planda idi. Xankəndi Zirvəsi bir daha sübut etdi ki, regionda davamlı sülh və tərəqqi yalnız əməkdaşlıq və qarşılıqlı etimad mühitində mümkündür. Azərbaycanın bu istiqamətdə atdığı addımlar isə təkcə milli deyil, ümumregional maraqlara xidmət edir. Belə bir tədbirin Qarabağda keçirilməsi isə tarixə Azərbaycanın milli suverenliyinin və diplomatik bacarığının göstəricisi kimi yazıldı. ECO-nun Xankəndi görüşü bir daha göstərdi ki, beynəlxalq əməkdaşlıq məkanında Azərbaycan təkcə iştirakçı deyil, həm də təşəbbüskar bir dövlətdir. Bu mövqeyin möhkəmlənməsi isə qarşıdakı illərdə regionda sabitlik və inkişaf üçün yeni imkanlar yaradacaq.
İsmayıl Nağızadə,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi