AnalitikaGündəmSiyasət

ECO-nun 17-ci Zirvə Görüşü: Qarabağda Yeni Regional Əməkdaşlıq Çağı

4 iyul 2025-ci il tarixində Xankəndi şəhərində ECO-nun 17-ci Zirvə görüşü böyük coşqu və əhəmiyyətli diplomatik hadisə kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zirvə iştirakçılarını qarşılayaraq, onların qədim Qarabağ torpağına gəlmələrindən şərəf və məmnunluq hissi keçirdiyini bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, bu görüş Azərbaycanda artıq üçüncü dəfədir keçirilir. İlk iki zirvə tədbiri 2006 və 2012-ci illərdə paytaxt Bakı şəhərində baş tutmuşdur. Bu dəfə isə toplantının ədalətli bir mühitdə, işğaldan azad edilmiş torpaqlarda – Xankəndində keçirilmiş olması xüsusi məna daşıyır. Ölkənin ərazi bütövlüyü uğrunda verdiyi mübarizə və torpaqların bərpası istiqamətindəki irəliləyişlər dünyanın diqqətinə çatdırılırdı. Prezident İlham Əliyev qeyd etdi ki, ötən illərdə Qarabağ və Şərqi Zəngəzur bölgələrində həm iqtisadi, həm də diplomatik sahədə bir sıra önəmli uğurlar əldə edilib. Onun sözlərinə görə, Şuşa şəhərində 2023-cü ildə ECO-nun Nazirlər Şurasının toplantısı, 2024-cü ildə isə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü keçirmişdir. Həmçinin, 2025-ci ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında üçtərəfli Zirvə görüşü keçirilmişdir. Bu uğurlu görüşlər Azərbaycanın bölgədəki yenidənqurma və diplomatik fəaliyyətlərinin davamlı olduğunu göstərir. Bu günkü Zirvə görüşünün Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilməsi həm regionda yenidənqurma işlərinin aparılmasının, həm də Azərbaycanın diplomatiya xəttinin güvəninə işarədir.
Zirvə görüşünün məqsədinin yalnız regional əməkdaşlıq deyil, eyni zamanda Qarabağ bölgəsində sülh, təhlükəsizlik və inkişafın təmin edilməsi olduğunu vurğulayan İlham Əliyev, Azərbaycan tərəfindən bu istiqamətdə ciddi addımlar atıldığını bəyan etdi. Qeyri-rəsmi dialoqlar, beynəlxalq layihələr və müxtəlif sahələrdə əməkdaşlıq planlarının həyata keçirildiyini bildirdi.
Prezident çıxışında Qazaxıstanın təşkilata sədrliyi dövründəki rolunu yüksək qiymətləndirərək, təşkilata verdiyi dəstək və göstərdiyi xidmətlər  üçün minnətdarlığını bildirdi. Bu cür çox tərəfli təşəbbüslər Qazaxıstan–Azərbaycan əlaqələrinin daha da güclənməsinə şərait yaradır.
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın xarici siyasət strategiyasını, regionda sülhə, sabitliyə və iqtisadi inkişafın artırılmasına yönələn məqsədlərini aydın şəkildə ortaya qoydu. Qarabağın yenidənqurulmasının yalnız daxili məsələ deyil, həm də regional sabitlik və təhlükəsizlik üçün mühüm faktor olması diqqətə çatdırıldı. Eyni zamanda, Azərbaycan qonşu ölkələrlə güclü əməkdaşlığını davam etdirərək, özünü etibarlı tərəfdaş kimi sübut edir.  Xankəndidə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü təkcə diplomatik və iqtisadi platforma deyil, eyni zamanda Azərbaycanın güclənən regional liderliyinin və bərpa prosesindəki iradəsinin bariz nümunəsi oldu. Prezident İlham Əliyevin çıxışı ilə ölkəmiz bir daha göstərdi ki, yalnız ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmir, həm də bu torpaqları sülh, inkişaf və beynəlxalq əməkdaşlıq mərkəzinə çevirmək əzmindədir.
Zirvə görüşünün məhz Xankəndidə – uzun illər işğal altında qalmış və artıq suveren Azərbaycan dövlətinin tam nəzarətinə keçmiş bir şəhərdə baş tutması təkcə simvolik hadisə deyil. Bu, həm də siyasi mesajdır: Azərbaycan bölgədə sülhü, sabitliyi və əməkdaşlığı təşviq edən əsas qüvvədir.
Müharibədən sonra formalaşan  reallıqlar əsasında, Azərbaycanın təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlər, ölkəmizin diplomatik uğurlarının və artan beynəlxalq nüfuzunun göstəricisidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “İqtisadi əməkdaşlıq sülh və sabitliyin möhkəmlənməsinə xidmət edir.” Bu fikir təkcə ECO Zirvəsinin ruhunu deyil, həm də Azərbaycanın yeni mərhələdəki xarici siyasət fəlsəfəsini əks etdirir.
Xankəndidə keçirilən bu tədbir, həm də bərpa və yenidənqurma siyasətimizin beynəlxalq aləmdə tanındığını və qəbul olunduğunu sübut etdi. Bu, ölkənin həm iqtisadi potensialının nümayiş etdirilməsi, həm də gələcəkdə Cənubi Qafqazda əməkdaşlığın əsas platformasının məhz Azərbaycan ola biləcəyini göstərdi.
ECO-nun 17-ci Zirvə görüşü tarixə Azərbaycanın siyasi, iqtisadi və diplomatik gücünün növbəti parlaq səhifəsi kimi yazıldı.  Əminik ki, Azərbaycan sülh, inkişaf və qarşılıqlı hörmət prinsipləri əsasında  regionda yeni əməkdaşlıq çağının əsasını qoyacaq..

Ülviyyə Məmmədova                                                                                                                                   
Təlim-tərbiyə işləri üzrə direktor müavini                                                                                                              Xəzər rayonu, 26 nömrəli tam orta məktəb

Oxşar Xəbərlər

Back to top button