
Bu gün Azərbaycan üçün energetika sahəsində xüsusi bir əhəmiyyətə malikdir. Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının istismara verilməsi ilə ölkəmiz enerji tarixində yeni bir zirvəyə qalxmış oldu. Mərasimdə Prezident İlham Əliyevin şəxsən iştirakı layihənin strateji mahiyyətini bir daha göstərdi. Bu günün seçilməsi də təsadüfi deyil — 8 Noyabr Zəfər Günü ilə bağlılıq həm simvolik, həm də mənəvi güc daşıyır.
“8 Noyabr” Elektrik Stansiyası yalnız Azərbaycanın deyil, Cənubi Qafqaz regionunun da ən böyük elektrik istehsal mərkəzlərindən birinə çevrildi. Onun ümumi gücü 1280 meqavat təşkil edir ki, bu da həm ölkədaxili tələbatın ödənilməsi, həm də ixrac imkanlarının genişlənməsi baxımından mühüm rol oynayır. Stansiya çevik enerji istehsalı ilə həm pik, həm də fasiləsiz tələbatı qarşılaya bilir.
Bu mühüm obyektin inşasında istifadə olunan texnologiyalar enerji səmərəliliyini və ekoloji təhlükəsizliyi təmin edir. Aşağı yanacaq sərfiyyatı və karbon emissiyasına nəzarət müasir tələblərə tam cavab verir. Eyni zamanda, yeni iş yerləri yaradılması və Mingəçevirin sənaye yükünün artması şəhərin sosial-iqtisadi inkişafına da təsir göstərəcək.
Azərbaycan bu uğurla bir daha sübut etdi ki, enerji sahəsində yalnız ənənəvi ehtiyatlara deyil, həm də ağıllı texnologiyalara əsaslanan müasir yanaşmalara sahibdir. “8 Noyabr” Elektrik Stansiyası bu baxımdan gələcəyin güc platformasına çevriləcək.
Ağadadaş Həsənalıyev
YAP Xəzər rayon təşkilatının fəalı