
Azərbaycan Respublikasının “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” 1991-ci il 18 oktyabr tarixində qəbul edildi və bununla da ölkənin sovet imperiyasından ayrılaraq müstəqil dövlət kimi varlığı hüquqi cəhətdən təsbit olundu. Bu sənəd Azərbaycanın suverenliyini beynəlxalq hüquq normaları ilə uyğun şəkildə tanıdan və daxili hüquqi sistemin əsasını qoyan əsas sənəd oldu.
Konstitusiya Aktı yalnız siyasi azadlığı ifadə etmədi, həm də iqtisadi, mədəni və hüquqi müstəqilliyin təməlini qoydu. Burada göstərilən müddəalar Azərbaycanın öz sərhədləri daxilində bütün dövlət səlahiyyətlərini sərbəst həyata keçirmək hüququnu tanıdı. Həmçinin, aktda Azərbaycan xalqının öz taleyini müstəqil şəkildə müəyyən etmək iradəsi vurğulandı.
Aktda 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin varisliyi birmənalı şəkildə bəyan edildi. Bu da ölkənin müstəqilliyini tarixi kontekstdə əsaslandırmaqla yanaşı, hüquqi baxımdan da daha möhkəm baza yaratdı. Sovet qanunvericiliyindən imtina, dövlət atributlarının bərpası və beynəlxalq təşkilatlara üzvlük yolu məhz bu sənədin əsasında mümkün oldu.
“Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” təkcə keçmişə qayıdış deyil, həm də gələcəyə doğru atılmış ciddi və məqsədyönlü addım idi. Bu sənəd Azərbaycanın hüquqi varlığı üçün bünövrə rolu oynadı və sonrakı konstitusional və institusional islahatların əsasını təşkil etdi.
Turan Zeynalzadə,
YAP Xəzər rayon təşkilatının fəalı