Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələri

Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstana işgüzar səfəri münasibətlərin inkişafında mühüm mərhələ olmaqla yanaşı Türk Dövlətləri Təşkilatının (TDT) daha da güclənməsi baxımından vacib müzakirələrin aparılması ilə yadda qaldı. Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən Prezident İlham Əliyev çıxışında vacib məqamlara toxundu, mühüm mesajlar səsləndirdi.Dövlət başçısı İlham Əliyev Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündəki çıxışında Azərbaycan-Macarıstan münasibətlərindən məmnunluğunu ifadə edərək onu da qeyd etdi ki, bu, Macarıstana 6-cı səfərimdir. Cənab Orban isə Azərbaycana 7 dəfə səfər etmişdir. Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır.
Macarıstanın Zirvə görüşünə ev sahibliyi onun türk dövlətləri ilə hərtərəfli əməkdaşlığını daha da möhkəmləndirmək istəyini nümayiş etdirir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2024-cü il iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü siyasi çəkiyə malikdir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Zirvə görüşünün Qarabağın incisi sayılan Şuşada keçirilməsi strateji mesaj idi. Şuşa tarix boyu Azərbaycanın mədəni və ictimai-siyasi həyatında önəmli yer tutub.Azərbaycan bu qələbədən sonra Şuşaya yeni bir status bəxş etdi – 2021-ci ildə Prezidentin Sərəncamı ilə qədim şəhər “Azərbaycanın mədəniyyət paytaxtı” elan olundu. TÜRKSOY 2023-cü ildə Şuşanı “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan etdi. Zirvə toplantısı çərçivəsində imzalanan Qarabağ Bəyannaməsi isə həm mənəvi, həm də siyasi baxımdan şəhərin simvolik statusunu bir daha təsdiqlədi. Türk dövlətlərinin rəhbərlərinin bu torpaqlara səfərləri həmrəyliyin bariz nümunəsi oldu. Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti isə Füzuli və Ağdama baş çəkdilər və ortaq gələcəyə inamla irəliləməyin labüdlüyünü bütün dünyaya göstərdilər.
Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. Zirvə görüşünün sonunda imzalanan 71 bənddən ibarət Budapeşt Bəyannaməsində qeyd olunduğu kimi, Türk xalqlarının tarix boyu dünya sivilizasiyasına mühüm töhfələr vermişdir.Bəyannamədə TDT-nin müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığının gücləndirilməsini təşviq etməyə, mümkün olduqda bir-birinin namizədliklərini, qətnamələrini, bəyanatlarını və beynəlxalq təşkilatlar çərçivəsində ortaq maraqlara əsaslanan digər təşəbbüsləri daha güclü qarşılıqlı əlaqələndirməyə və dəstəkləməyə çağırış ifadə olunur. Azərbaycanın 2025-ci ildə TDT-nin 12-ci Zirvə görüşünə ev sahibliyi etməyə hazır olduğu yüksək qiymətləndirilib.
Elmir Rzayev,
YAP Şuşa rayon təşkilatının əməkdaşı