
Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə səsləndirilən fikirlər, imzalanan sənədlər və qarşıya qoyulan strateji hədəflər təşkilatın gələcək inkişafında mühüm amil kimi xarakterizə edilir. Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı TDT-nin inteqrasiyasına, nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsinə və Türk dünyasının beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə dair ciddi mesajlar verib.
Təsadüfi deyil ki, hələ ötən il Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü bu il Budapeşt şəhərində təşkil edilmişdir. Ümumiyyətlə, Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır, eləcə də müstəqil siyasət aparan və beynəlxalq nüfuza malik olan bir ölkədir.Tədbirdə o da bidirildi ki, bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Dövlət başçısı İlham Əliyev Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündə tədbir iştirakçılarını Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət etdi.
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə də Azərbaycanın bərpaolunan enerji sahəsində mövcud imkanlarından, ötən il ölkəmizin ev sahibliyi etdiyi COP29 iqlim konfransından bəhs etdi. Vurğuladı ki, təxminən 200 ölkənin yekdil qərarı ilə 2024-cü ilin noyabr ayında Azərbaycanda COP29 kimi mötəbər konfrans keçirilmişdir. Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu. Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi. Əsas nailiyyət inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmadır. Bundan başqa, 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail olundu, İtki və Zərər Fondu işlək vəziyyətə gətirildi. COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanmışdır. Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır.
Türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsini zəruri hesab edən Azərbaycan bu birliyə daim sadiq qalmışdır. Dövlətimizin başçısının Budapeştdə keçirilən Zirvə görüşündə verdiyi mesajlar Türk dünyasının gələcəyinin əməkdaşlıq üzərində qurulmalı olduğunu bir daha təsdiqləyir.
Könül Hüseynova,
YAP Şuşa rayon təşkilatının 20 saylı ərazi partiya təşkilatının sədri