AnalitikaGündəmSiyasət

Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir

1992-ci ildən etibarən qurulan Azərbaycan-Macarıstan diplomatik əlaqələri son onilliklər ərzində dərin və çoxşaxəli tərəfdaşlığa çevrilib. Əlaqələrin inkişafında 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə mühüm rol oynayıb. Bu proses 2023-cü ilin yanvarında imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha da güclənib və ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoymasına səbəb olub. Sənəd iki ölkə arasında təkcə ikitərəfli münasibətlərin deyil, həm də regional və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsini hədəfləyən kompleks çərçivə təqdim edir. Tərəflər bu sənəd ilə qarşılıqlı hörmət, suverenlik və bərabərlik prinsiplərinə əsaslanan uzunmüddətli əməkdaşlığa sadiq olduqlarını bəyan ediblər. Siyasi sahədə yüksəksəviyyəli dialoqlar, parlamentlərarası münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək bu tərəfdaşlığın təməl sütunlarını təşkil edir. Eyni zamanda, sənəd enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi sahəsində ortaq maraqları vurğulayaraq “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətini ön plana çəkir. Azərbaycan ilə Macarıstan strateji dialoqu davam etdirmək, ticarət, investisiya, nəqliyyat, təhsil və humanitar sahələrdə əməkdaşlıq imkanlarını genişləndirmək niyyətindədir. Tərəflər arasında imzalanmış bu Bəyannamə, ümumilikdə, Azərbaycan-Macarıstan əlaqələrinin daha da strateji və institusional xarakter almasının göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə səmimi dostluq münasibətləri, iki ölkə arasında müntəzəm surətdə həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər əməkdaşlıq üçün yeni imkanlar açır. Azərbaycan Prezidenti Macarıstanda 2023-cü ilin yanvar ayında rəsmi, avqust ayında işgüzar, Macarıstanın Baş naziri Azərbaycanda 2023-cü ilin noyabr, 2024-cü ilin iyul və noyabr aylarında işgüzar səfərlərdə olublar. Viktor Orbanın Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak üçün ötən il Şuşaya səfəri həmin dövrdə Macarıstanın Avropa İttifaqı (Aİ) Şurasına sədrlik etməsi, eləcə də Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçıları səviyyəsində Şuşaya ilk səfər olması baxımından mühüm əhəmiyyət kəsb edib. Eyni zamanda, Azərbaycan ilə “xüsusi münasibətlər” nəzərə alınaraq, Macarıstan COP29-da belə tədbirlərə ənənəvi yanaşmaya uyğun olaraq ölkə prezidenti səviyyəsində deyil, istisna hal kimi Baş nazir səviyyəsində təmsil olunub. Macarıstan Azərbaycanı enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq görür və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində ölkəmizin vacib rolunu yüksək qiymətləndirir. Azərbaycanın enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan enerji sahələrindəki uğurları, Macarıstanın enerji təminatını şaxələndirmək məqsədilə ölkəmizin layihələrinə dəstəyini daha da artırır. Bu əməkdaşlıq, həmçinin “Cənub Qaz Dəhlizi” layihəsinin uğurlu həyata keçirilməsi ilə Avropa bazarlarına daha çox enerji təchizatının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”

 

Əyyub Əliyev,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button