
Prezident İlham Əliyevin 2025-ci il aprelin 25-də Çinin CGTN telekanalına verdiyi müsahibəsində Azərbaycan ilə Çin arasında olan səmimi münasibətlərdən , bağlanmış iqtisadi müqavilə və layihələrdən bəhs edərək “Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir” söyləmişdir. Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik. İki ölkə arasındakı münasibətlərin inkişafında mərhum Prezident Heydər Əliyevin xüsusi yeri var. Çinin nümunəsi, modernləşməsi və apardığı islahatlar bir çox ölkələri ilhamlandırır. Çin həqiqətən də idxal baxımından bir nömrəli və ticarət dövriyyəsi baxımından 4-cü tərəfdaşdır. İndi bizim hədəfimiz bərpaolunan enerji, nəqliyyat və istehsaldır.
Azərbaycanın xarici siyasət strategiyasının əsas istiqamətlərindən biri çoxtərəfliliyə və beynəlxalq əməkdaşlığa dəstək verməkdir. Dövlət başçımız İlham Əliyevin vurğuladığı kimi Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Çoxtərəflilik prinsipi ölkələrin ortaq məqsədlər uğrunda birgə səylər göstərərək qlobal problemləri həll etmək üçün vahid bir çərçivədə fəaliyyət göstərməsi deməkdir.
Azərbaycan BRICS kimi çoxtərəfli platformalarla əlaqələrini inkişaf etdirərək həm Qlobal Cənub, həm də Qlobal Şimal ölkələri arasında körpü rolu oynamağa çalışır və öz xarici siyasət strategiyasını bu prinsip üzərində qurur. Ölkəmizin strateji mövqeydə yerləşməsi və inkişaf etmiş infrastruktur layihələri onu Avrasiya regionunun ən mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevirmişdir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsində yerləşərək regional yükdaşımaların keçdiyi əsas arteriyalara çevrilmişdir. Ölkə iqtisadiyyatının davamlı artımını təmin etmək və beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədilə bu dəhlizlərin ötürücülük imkanlarını artırmağa yönələn böyük sərmayələr yatırılır. Azərbaycan regional və beynəlxalq ticarət əlaqələrinin inkişafına imkan yaradan bu kimi loqistika layihələri ilə həm də dünya miqyasında təsirini artırır.
Bu siyasətin əsas istiqamətlərindən biri Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələrinin inkişafıdır. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan ŞƏT-ə daha da yaxın olmaq niyyətindədir. Prezident Si Cinpinin dəvəti ilə Azərbaycanın ŞƏT Zirvə toplantısında iştirakı və Çinə planlaşdırılan yeni səfər ölkəmizin bu təşkilatla əlaqələrinin genişləndirilməsi yolunda atdığı mühüm addımdır. Azərbaycanın Xəzər dənizinin qərb sahilində yerləşməsi və Cənubi Qafqazın aparıcı siyasi, iqtisadi və nəqliyyat mərkəzlərindən biri olması onun beynəlxalq əməkdaşlıq üçün strateji əhəmiyyətini daha da artırır.
Azərbaycan ilə Çin arasında mövcud olan strateji tərəfdaşlıq münasibətləri ŞƏT çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar yaradır. Azərbaycan Çini Qlobal Cənubun lideri hesab edir və bu mövqedən çıxış edərək çoxtərəfli beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verir. Çin ilə sıx əlaqələr ölkəmizin qlobal miqyasda iqtisadi və siyasi nüfuzunu daha da artırır. Dövlətimizin çoxtərəfli siyasət sahəsində uğurları təkcə ŞƏT ilə əməkdaşlıqla məhdudlaşmır. Ölkəmiz Qoşulmama Hərəkatında fəal rol oynamış və bu hərəkatın əsas prinsiplərinə – suverenlik, ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmama, bərabərlik və ədalətə sadiqliyini ardıcıl olaraq nümayiş etdirmişdir. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri”nin təşviqinə və qorunmasına xüsusi diqqət yetirmişdir.
BRICS Sammitində Azərbaycan və Ermənistan liderlərinin görüşü regionda sülhün bərqərar olunmasına yönəlmiş mühüm bir addım idi. Görüşdə ikitərəfli sülh gündəliyi çərçivəsində sülh sazişi, sərhədlərin delimitasiyası və digər önəmli məsələlər müzakirə olunub. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin tezliklə yekunlaşdırılması barədə tapşırıqlar verilib. Bu görüşün məhz BRICS Sammitində keçirilməsi Azərbaycanın çoxtərəfli platformalardan istifadə edərək regional münaqişələrin həllinə töhfə vermək istəyini bir daha göstərir. Azərbaycan Ermənistanla münasibətlərdə sülhün təmin olunmasına və əməkdaşlıq imkanlarının genişləndirilməsinə xüsusi önəm verir.
2006-cı ildə təsis edilmiş və bu gün 9 üzvdən ibarət olan BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə, beynəlxalq nizamın daha ədalətli olmasına töhfə verən bir geosiyasi blokdur. BRICS dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təmsil edərək mühüm bir iqtisadi güc mərkəzinə çevrilmişdir. Bu təşkilat, beynəlxalq hüququn qorunması və ərazi bütövlüyü prinsiplərinə sadiqliyini göstərərək dünya siyasətində demokratikləşmə prosesinə töhfə verir. Azərbaycanın BRICS ilə əlaqələr quraraq çoxtərəfli diplomatiyanı gücləndirməsi həm regional, həm də qlobal səviyyədə daha sabit və davamlı bir mühitin formalaşmasına dəstək verir.
Prezident İlham Əliyevin XVI BRICS Sammitindəki çıxışı Azərbaycanın çoxtərəfli əməkdaşlıq prinsiplərinə olan bağlılığını, beynəlxalq arenada möhkəmlənən təsirini, bölgədə sabitlik və sülhün qorunmasına verdiyi töhfələri bir daha ortaya qoydu. Azərbaycanın coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu və qlobal iqlim tədbirlərində fəal iştirakı onun həm Qlobal Cənub, həm də Qlobal Şimal arasında körpü rolunu gücləndirir. BRICS və Qoşulmama Hərəkatı kimi çoxtərəfli platformalardan istifadə edərək Azərbaycan qlobal problemlərin həllində konstruktiv rol oynamağa, regional və beynəlxalq əməkdaşlığı inkişaf etdirməyə davam edir. Bu çıxış Azərbaycanın böyük siyasətdəki mövqeyini daha da möhkəmləndirərək ölkənin strateji əhəmiyyətini və beynəlxalq səviyyədə təsirini artırır.
Məlikova İlhamə,
Xəzər rayonu, 92 nömrəli tam orta məktəbin müəllimi