AnalitikaGündəmSiyasət

Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir

Tarixi böyük şəxsiyyətlər yaradır. Və Bu şəxsiyyətlər öz əməlləri ilə tarixdə qalır. Heydər Əliyev belə şəxsiyyətlərdən idi.  “Mən fəxr edirəm ki, azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycan torpağı mənim doğma torpağımdır. Mən fəxr edirəm ki, mənim Azərbaycan millətim var” sözlərini hər zaman fəxrlə qeyd edən Ulu öndər Heydər Əliyev məhz öz əməlləri ilə tarix yaradan dahi şəxsiyyətdir. Heydər Əliyevin həyatı bütöv bir tarixdir. Onun bütün həyatı, fəaliyyəti Azərbaycan xalqı üçün örnəkdir”. 30 ildən çox Azərbaycana rəhbərlik etmiş Ulu öndər bütün tarixi şəxsiyyətlər kimi Azərbaycana bu qədər rəhbərlik etmək haqqını özündə saxlaya bilib. Rəhbərlik etdiyi dövrlərdə Azərbaycan xalqı Onda özünün ifadəsini, istək və arzularını görürdü. Belə olmasaydı, O, 1969-cu ildən başlayıb kiçik bir zaman fasiləsi ilə 2003-cü ilədək Azərbaycana rəhbərlik edə biməzdi.

Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və misilsiz əzmkarlığa malik Ulu Öndər Azərbaycanda siyasi hakimiyyətə ilk gəlişində ölkəmizi tənəzzül burulğanından çıxararaq “imzalar içində imzası olmayan”, hətta keçmiş SSRİ məkanında belə yaxşı tanımayan respublikamızı qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bilmişdir. Dahi rəhbər hələ ötən əsrin 70-ci illərindən başlayaraq, dahiyanə uzaqgörənliklə ölkəmizin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks layihələrin həyata keçirilməsinə nail olmuşdur. O dövrdən başlayaraq Azərbaycanda sürətli inkişaf dağ və sərhəd rayonlarını da öz əhatəsinə almış, sənaye, tikinti-quruculuq və aqrar-sənaye kompleksi inkişaf etmiş, emal və hasilat şəbəkəsi genişlənmişdir.Ulu Öndərimiz Azərbaycanın gələcək müstəqilliyi üçün təkcə iqtisadi əsaslar yaratmamış, bununla yanaşı ölkəyə elm, təhsil, mədəniyyət və incəsənət sahələrində də böyük nailiyyətlər qazandırmış, milli oyanışın əsası qoymuşdur. Bir sözlə, uzaqgörən, böyük dövlət xadimi Heydər Əliyev 1969-1982-ci illərdə ölkəmizdə yüksək iqtisadi, elmi-mədəni və milli kadr potensialını formalaşdırmaqla bugünkü müstəqil Azərbaycanın möhkəm bünövrəsini yaratmışdır.

Ümummilli lider Heydər Əliyevin sistematik səyləri və yorulmaz fəaliyyəti nəticəsində 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin sovet Azərbaycanında dövlət dili statusu təsbit olunmuşdur. Bundan sonra milli dəyərlərimizin təbliği və ideoloji əsasların gücləndirilməsi yönündə atılan addımlar ardıcıllıqla davam etdirilmişdir. Ulu Öndərimiz Azərbaycan xalqının tarixində ən yüksək zirvəni fəth edən, öz misilsiz xidmətləri ilə xalqına müstəqillik bəxş edən, onu inkişafa, firavanlığa və qüdrətə çatdıran dahi liderdir. Azərbaycan xalqının milli müstəqilliyi və dövlətçiliyi yenidən xalqın böyük oğlu Heydər Əliyevin qırılmaz siyasi iradəsi ilə bərpa edilib.

1993-cü ildə Azərbaycanın müstəqilliyini qoruyan Heydər Əliyevə əsil qiyməti uzun illərdən sonra tarix verəcək. Azərbaycanın ən yeni tarixinin bir hissəsi Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün inkişaf və tərəqqinin zirvəsində dayanan, hərbi qüdrətə, dayanıqlı iqtisadi gücə və hərtərəfli inkişafa malik olan Azərbaycanın bu inkişafa çatmasında yeganə amil Heydər Əliyev şəxsiyyəti və dahi liderin Vətəninə, xalqına sonsuz məhəbbətidir. Ümummilli Liderimiz Azərbaycanın müasir simasını müəyyənləşdirib. Onun ölkəmizə hər iki vaxtda rəhbərliyi dövrü, eləcə də Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi illər müstəqil dövlətçilik tariximizin şanlı səhifələridir.

“Mən həyatımı insanlara səadət gətirməyə həsr etmişəm. Mən həyatımı xalqın azadlığına həsr etmişəm. Mən həyatımı millətimin, xalqımın rifahının yaxşılaşdırılmasına həsr etmişəm”, – deyən Ulu öndər Heydər Əliyevin qətiyyəti və əzmkarlığı sayəsində ölkəmiz parçalanmaqdan, vətəndaş müharibəsindən qurtuldu, Azərbaycanda milli-ideoloji birliyin təməli qoyuldu, güclü ordu yaradıldı, möhkəm və davamlı quruculuq yolu müəyyənləşdirildi, torpaqlarımızın işğalının qarşısı alındı. Ölkəmizdə qanunların aliliyinə söykənən vətəndaş cəmiyyəti quruldu. Dahi liderin fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildi.

Kərimova Aygül,
Xəzər rayonu
,  262 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button