AnalitikaGündəmSiyasət

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsində müsbət dinamika mövcuddur

Azərbaycanın xarici iqtisadi siyasətində son illərdə müşahidə olunan dinamik inkişaf, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasını daha da gücləndirib. Bu prosesdə Çin Xalq Respublikası ilə qurulan strateji tərəfdaşlıq xüsusilə diqqətçəkicidir. Rəsmi statistikaya əsasən, Çin artıq Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib və iki ölkə arasında ticarət dövriyyəsi ümumi xarici ticarətimizin 7,9 faizini təşkil edir. Bundan əlavə, Çin idxal üzrə lider mövqeyə yüksəlib və bu göstərici 17,69 faizə çatıb.

Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin genişləndirilməsi, bu sahədəki problemlərin həlli məqsədilə Hökumətlərarası İqtisadi Komissiya yaradılıb. Komissiyanın ilk iclası 2009-cu il 27 may tarixində keçirilib. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi və Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında əməkdaşlıq haqqında 2012-ci il iyunun 12-də Pekin şəhərində memorandum imzalanıb. Azərbaycan Respublikası 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olub və İnvestisiya Bankı TANAP layihəsinə 600 milyon dollar kredit ayırıb. Azərbaycanın “Bir kəmər, bir yol” layihəsinə verdiyi önəm 2017-ci ilin oktyabrında “Bakı-Tbilisi-Qars” dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Çin hökuməti “Bakı-Tbilisi-Qars” dəmir yolunun istifadəyə verilməsini, bu yolun tikintisində Azərbaycanın rolunu, eləcə də “Bir kəmər, bir yol” layihəsinə verdiyi dəstəyi yüksək qiymətləndirib. Prezident İlham Əliyevin 2019-cu ilin aprelində Çinə səfəri zamanı iki ölkə şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan 10 sənəd imzalanıb.

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsində müsbət dinamika mövcuddur. 2019-cu ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi 2.3 dəfə artaraq 1.4 milyard ABŞ dollarından çox olub. Halbuki, 1992-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi olduqca az – 1,5 milyon ABŞ dolları təşkil edirdi. Sonradan bu göstərici 2003-cü ildə 111,7 milyon dollar, 2016-cı ildə 770 milyona çatıb, 2018-ci ildə isə iki ölkə arasında ticarət dövriyyəsi 1,3 milyard ABŞ dollarından çox olub, bu isə Çinin Cənubi Qafqaz ölkələri ilə olan ümumi ticarət dövriyyəsinin 43%-ni təşkil edir.

Ölkəmiz Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Azərbaycan Çinlə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika, tikinti və digər sahələrdə əməkdaşlıq edir. Azərbaycan Respublikasının “Bir kəmər, bir yol” strategiyası üçün vacib ölkə olduğunu Çin rəsmiləri hər zaman qeyd edir. Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bununla yanaşı, Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılıb. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir. Çin şirkətləri Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında iştirak edirlər. Çinin İKT şirkətləri də ölkəmizdə uğurla fəaliyyət göstərirlər. Azərbaycanda 120-dək Çin kapitallı şirkət qeydiyyata alınıb. Ölkəmizdə dövlət vəsaiti hesabına icra edilən 600 milyon ABŞ dolları dəyərində layihələrdə Çin şirkətləri iştirak edib. Çin Azərbaycan iqtisadiyyatına 800 milyon dollar, Azərbaycan isə Çinə 1.7 milyard dollar sərmayə yatırıb.

Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza proseduru tətbiq edir. Vizanı Azərbaycanın beynəlxalq hava limanlarında əldə etmək olar. Azərbaycan və Çin arasında müntəzəm birbaşa uçuşlar həyata keçirilir. 2018-ci ildə 16 minədək çinli turist Azərbaycana səfər edib. Prezident İlham Əliyev Çinin “Sinxua” agentliyinə verdiyi müsahibəsində bu münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayaraq, “Kəmər və Yol” təşəbbüsünün əhəmiyyətinə toxunub. Dövlət başçısının fikrincə, bu təşəbbüs çərçivəsində əməkdaşlıq iqtisadi əlaqələrin daha da genişlənməsinə və yeni strateji istiqamətlərin müəyyənləşdirilməsinə şərait yaradır.

Azərbaycan ilə Çin arasında təkcə mövcud ticarət əlaqələri deyil, həm də gələcək inkişaf potensialı yüksək qiymətləndirilir. Prezident İlham Əliyev bildirib ki, iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya qarşılıqlı əlaqələrin dərinləşdirilməsi və hüquqi əsasların möhkəmləndirilməsi baxımından mühüm rol oynayır. Komissiyanın qəbul etdiyi qərarların vaxtında yerinə yetirilməsi isə bu sahədəki səylərin uğurla nəticələnməsinə zəmin yaradır.

Əlavə olaraq, Çin şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə – xüsusilə Qarabağ bölgəsinə – maraq göstərməsi və orada biznes qurmaq üçün müraciət etməsi, tərəfdaşlığın daha da genişlənəcəyindən xəbər verir. Bu, eyni zamanda, regionun bərpasına beynəlxalq töhfələrin artmasına səbəb olacaq və Çin-Azərbaycan münasibətlərinə yeni impuls verəcək. Bu strateji yaxınlaşma təkcə iqtisadi göstəricilərlə məhdudlaşmır. Bu, eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq arenada güclənən mövqeyinin, müstəqil siyasət yürütmə bacarığının və praqmatik diplomatiyasının uğurlu nəticəsidir. Çinlə qurulan bu tərəfdaşlıq model olaraq digər ölkələrlə münasibətlərin inkişafında da nümunə ola bilər.

Əkbərova Xuraman,
Xəzər rayonu, 122 nömrəli məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button