
Çin və Azərbaycan respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub. ÇXR 1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub. 1992-ci ilin avqust ayında ÇXR-in Azərbaycan Respublikasında səfirliyi açılıb. 1993-cü ilin dekabr ayının 1-də isə ilk səfir təyin edilib. Milli Məclisin qərarı ilə 1993-cü il 3 sentyabrda Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyinin açılmasını qərarlaşdırıb. İndiki dövrdə Azərbaycan üçün Çin ilk növbədə böyük iqtisadi tərəfdaş rolunu oynaya bilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü, eləcə də ölkələrimiz arasında Birgə Bəyannamənin imzalanması ilə Bakı-Pekin münasibətləri yeni mərhələyə qədəm qoydu. Çin Azərbaycanın ilk idxal mənbəyi və beş əsas ticarət tərəfdaşından biridir. Azərbaycan Çinin 6 şəhərində ticarət evi açıb və bununla da Çin bazarında öz məhsullarını təşviq etməyə çalışır. Görüşdə Çin Xalq Respublikasının Sədri Si Cinpin ölkələrimiz arasında imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”yə münasibət bildirərkən vurğulayıb: “Bu həm də yeni bir başlanğıc nöqtəsidir. Biz xalqlarımızın rifahı naminə qarşılıqlı dəstəyi artırmağa davam edəcəyik”.
Çin bu gün qlobal faktordur, dünyanın supergücüdür. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyan BMT-nin Təhlükəsizlik Şurasının üzvüdür. Çin ilə enerji keçidi, bərpaolunan enerji sahəsində əməkdaşlıq uğurla inkişaf etdirilir. Ölkədə elektrik mühərrikli avtobusların istehsalı sahəsində Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə əməkdaşlığa başlanılıb. 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29 tədbiri çərçivəsində BYD şirkətinin 160 ədəd elektrik mühərrikli avtobusunun və 100 ədəd elektrik enerji doldurucusunun ölkəmizə gətirilməsi ilə bağlı sifariş verilib. Avtobusların yerli istehsalına isə 2025-ci ildə başlanılması planlaşdırılır. Həmçinin, Azərbaycan ÇXR-in Sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Kəmər və Yol Təşəbbüsünün infrastruktur investisiyalarına nümunələr limanlar, göydələnlər, dəmir yolları, avtomobil yolları, hava limanları, su bəndləri, kömürlə işləyən elektrik stansiyaları və dəmiryolu tunelləridir. Təşəbbüs 2017-ci ildə Çin Konstitusiyasına daxil edilmişdir. Çin hökuməti bu təşəbbüsü “regional əlaqələri gücləndirmək və daha parlaq bir gələcəyi əhatə etmək üçün bir cəhd” adlandırır. Layihənin nəticələnmə hədəfi 2049-cu ildir. Bu tarix Çin Xalq Respublikasının (ÇXR) əsasının qoyulmasının yüz illiyinə təsadüf edir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nu və “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Çin Xalq Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu xüsusilə qeyd etmək lazımdır. Məhz bu sənədlərin imzalanmasından sonra qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri daha da genişlənməyə və Çinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) marağı artmağa başladı.
2019-cu il tarixlərində Prezident İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak etmək məqsədilə Çinə etdiyi səfər zamanı iki ölkənin şirkətləri arasında müxtəlif istiqamətlər üzrə ümumi dəyəri 821 milyon dollar olan 10 sənəd imzalanıb. Bu sənədlər arasında Transxəzər Nəqliyyat Marşrutu vasitəsilə Bakıya və Azərbaycan ərazisindən tranzit keçməklə digər ölkələrə 2500-dək konteynerin daşınması haqqında sazişi xüsusi qeyd etmək lazımdır.
Çinin Avropa ilə ticarət əlaqələrini Azərbaycan üzərindən həyata keçirməyə çalışması təkcə ölkəmizin coğrafi mövqeyindən ibarət deyil. Azərbaycan 15 milyon ton yükaşırma imkanı olan beynəlxalq dəniz limanına və ildə 5 milyon ton yükdaşıma imkanı olan Bakı-Tbilisi–Qars (BTQ) dəmir yoluna malikdir. Bu infrastrukturlar Orta Dəhlizin əsasını təşkil edir. Bu il BTQ-də genişləndirmə işləri başa çatacaq. Dəmir yolunun Gürcüstandan keçən hissəsində genişləndirmə işləri başa çatdıqdan sonra yolun yükdaşıma imkanı 10 milyon tona çatacaq.
Qafarova Ləman,
Xəzər rayonu, 334 №li tam orta məktəbin tarix müəllimi