AnalitikaGündəmSosial

Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib

Ana dili xalqın, millətin özünəməxsusluğunu, tarixi keçmişi və mədəniyyətini, zəngin söz xəzinəsini, inanc və ənənələrini, əxlaqi davranışları və dünyagörüşünü özündə daşıyan, əsrlərdən-əsrlərə çatdıran əvəzsiz milli sərvətdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, “xalqı xalq edən, milləti millət edən onun ana dilidir”. Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin hazırda dünya dilləri sırasında özünəməxsus yeri,necə deyərlər, imzalar içərisində imzası vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, “Ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir”. Tarixin müxtəlif dönəmlərində ölkəmizin ayrı-ayrı imperiyalar tərkibində olmasına baxmayaraq, Azərbaycan dili öz varlığını və özündüyünü qoruyub saxlamış, tarixin amansız və sərt sınaqlarından üzüağ, şərəflə çıxmış, zaman-zaman cilalanaraq saflaşmışdır.

Xalqımızın böyük oğlu, Ümummilli lideri Heydər Əliyev keçən əsrin 60-cı illərinin sonundan  Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərmişdir. Məlum olduğu kimi, 1970-ci ildə Bakıda Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi keçirildi və Heydər Əliyev həmin yubiley tədbirində mövcud qayda-qanunları, özündən əvvəlki çoxillik ənənələri sındıraraq rus dilində deyil, doğma ana dilində çıxış etdi. Respublikanın birinci şəxsi bu cəsarətli addımı ilə həm milli ziyalılarımızın böyük rəğbətini qazandı, həm də onlara mənəvi dəstək verdi, ruh yüksəkliyi bəxş etdi, bu məsələnin müsbət həlli üçün geniş üfüqlər açdı. Yenə həmin dövrdə Heydər Əliyev Azərbaycan Yazıçılar İttifaqının qurultayında iştirak edərək doğma ana dilində çıxışı ilə tədbir iştirakçılarını heyran qoydu. Ulu öndər bununla kifayətlənməyərək həm də respublikanın bir qrup tanınmış şair və yazıçılarını qəbul edərək onlarla apardığı səmimi söhbətlərində ana dili məsələsinə də toxundu və bu yöndə əməli tədbirlər görülməsinə rəvac verdi. Həmin tədbirlər sırasında Ulu öndərin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddənin daxil edilməsini xüsusi olaraq qeyd etmək lazımdır. Ölkəmiz 1991-ci ildə öz dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili öz inkişafının yeni mərhələsinə qədəm qoydu, milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi sözün həqiqi mənasında dövlət dili statusu qazandı. Məhz bu mərhələdə milli dövlətçiliyin mühüm atributu olan ana dilinin daha da inkişafı və zənginləşməsi, onun müasir elmi tələblər səviyyəsində geniş və hərtərəfli araşdırılması və beynəlxalq aləmdə tanınması üçün daha böyük imkanlar yarandı, bu yöndə geniş üfülər açıldı və bir sıra mühüm və sanballı işlərə ilkin imza atıldı. Bu məsələdə Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, ana dilimizin gözəl bilicisi, bənzərsiz mahir natiq Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti və misilsiz tarixi xidmətləri mühüm və həlledici rol oynadı.

Heydər Əliyev 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə ölkəyə rəhbərliyi öz öhdəsinə götürdükdən sonra yeni yaranmış şəraitdə digər vacib məsələlərlə yanaşı, dil siyasətinə də xüsusi önəm verdi. Ümummilli lider dil məsələsinə birinci növbədə azərbaycançılıq ideologiyası prizmasından yanaşdı və 1995-ci ilin payızından başlayaraq məhz bu mövqedən dilimizin adı ilə bağlı geniş müzakirələr aparmağa başladı. Tam demokratiklik, fikir azadlığı şəraitində keçən həmin müzakirələr zamanı dilimizin adının yarım əsrdən artıq işləndiyi şəkildə, yəni Azərbaycan dili adlandınlmasma üstünlük verildi. Bu məsələdə birinci növbədə azərbaycançılıq konsepsiyası əsas götürülür və nəzərə alınırdı ki, Azərbaycan dili anlayışı artıq neçə on illərdir ki, ölkədə yaşayan bütün xalqlar tərəfindən qəbul olunmuş, bu dil artıq kifayət qədər işlənmə təcrübəsi qazanmış və müstəqil Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artması ilə tarixdə və beynəlxalq arenada da bu adla tanınmışdır. Ulu öndər dilimizin adı məsələsi ilə bağlı çoxsaylı çıxışlarında bu məsələyə siyasi uzaqgörənliklə, müdrikcəsinə yanaşaraq demişdir: “Tarixi köklərimizə, tarixi keçmişimizə böyük hörmət və ehtiramı bildirərək, eyni zamanda bu gün deməliyik ki, XX əsrdə bizim dilimiz öz inkişaf dövrünü keçib, formalaşıb və gəlib dövlət dili səviyyəsinə çatıb. Bu gün əminliklə qeyd etmək olar ki, Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirilir. Ulu öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir.

Ramin Əliyev
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button