AnalitikaGündəmSiyasət

Azərbaycan və Gürcüstan münasibətləri yeni prioritetlər çərçivəsində inkişaf edir

Azərbaycanın davamlı olaraq inkişaf edən iqtisadi potensialı, coğrafi mövqeyindən səmərəli şəkildə istifadə etməsi və beynəlxalq müstəviyə uğurlu inteqrasiyası ölkəmizin qonşuları ilə münasibətlərinə də müsbət təsir göstərmişdir. Xüsusilə Gürcüstanla əlaqələr Azərbaycan üçün prioritet istiqamətlərdən biridir. Aprelin 16-da Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin inaqurasiyadan sonra ilk xarici səfərini Azərbaycana etməsi və Prezident İlham Əliyevlə görüşləri, bu əlaqələrin gələcək inkişaf perspektivlərinin yüksək olduğunu nümayiş etdirdi. Səfər zamanı mühüm sənədlər imzalandı və bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezidentlərin mətbuat üçün verdikləri birgə bəyanat zamanı Prezident İlham Əliyev iki ölkənin birgə həyata keçirdiyi irimiqyaslı layihələrin yalnız Azərbaycan və Gürcüstan üçün deyil, həm də daha geniş region üçün əhəmiyyətli rol oynadığını bildirdi. Bakı və Tbilisi müxtəlif beynəlxalq təşkilatlarda da bir-birini ardıcıl şəkildə dəstəkləyir. Ötən illər ərzində reallaşdırılan enerji və nəqliyyat layihələri, təkcə regional deyil, qlobal əhəmiyyətə malik olub. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu layihələr Avrasiyanın enerji və nəqliyyat xəritəsini əsaslı şəkildə dəyişdirib. Bu gün Avropanın enerji təhlükəsizliyindən danışarkən, Azərbaycan və Gürcüstanın rolu müstəsna əhəmiyyət daşıyır. Hazırda Azərbaycan, o cümlədən Gürcüstan vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir.

Azərbaycan-Gürcüstan münasibətləri qədim və möhkəm dostluq ənənələrinə əsaslanır. Tarixi baxış bu əlaqələrin hər zaman qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda inkişaf etdiyini göstərir. Gürcüstan Azərbaycan üçün həm siyasi, həm də iqtisadi baxımdan vacib tərəfdaşdır. Xüsusilə Azərbaycanın enerji resurslarının dünya bazarlarına çatdırılmasında və Şərqlə Qərb arasında nəqliyyat dəhlizinin təşkili prosesində Gürcüstan əsas tranzit ölkə kimi çıxış edir. Bu sahədə iki ölkə arasında nümunəvi əməkdaşlıq formalaşıb. Eyni zamanda, son dövrlərdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşan üçtərəfli əməkdaşlıq modeli regional inkişaf üçün güclü bir baza yaradıb. Bu əməkdaşlığın bəhrəsi olaraq Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji xətləri, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu kimi mühüm layihələr reallaşıb. Cənub Qaz Dəhlizinin inşasında da bu üç ölkənin birgə fəaliyyəti mühüm rol oynayıb.

Hazırkı mərhələdə Azərbaycan-Gürcüstan münasibətləri yeni prioritetlər çərçivəsində inkişaf edir. Hər iki ölkə oxşar çağırışlarla üz-üzə qalır və beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləməyə davam edir. 44 günlük Vətən müharibəsi dövründə Gürcüstanın Azərbaycana göstərdiyi dəstək xüsusi qeyd olunmalıdır. Həmin müddətdə Gürcüstan öz ərazisindən Ermənistana hərbi yüklərin tranzitini müvəqqəti olaraq dayandırmaqla ölkəmizin haqlı mövqeyinə dəstəyini nümayiş etdirdi. Bu isə Azərbaycan-Gürcüstan münasibətlərinin uzun illər ərzində qurulan güclü və uğurlu əməkdaşlıq modelinə əsaslandığını göstərir.

İki ölkə arasındakı siyasi dialoqun intensivliyi iqtisadi əməkdaşlıqda da öz əksini tapır. Azərbaycan şirkətləri Gürcüstandakı sərfəli investisiya imkanlarından istifadə edərək, müxtəlif sahələrdə – inşaat, turizm, infrastruktur və digər sektorlarda iri həcmli sərmayələr yatırır. Azərbaycanın Gürcüstanın xarici ticarət tərəfdaşları arasında ilk sıralarda qərarlaşması da bunun bariz sübutudur.

Nəticə etibarilə, Azərbaycan və Gürcüstan arasında qurulan münasibətlər yüksələn xətlə inkişaf edir və bu əlaqələr hər iki xalqın və dövlətin milli maraqlarına tam uyğun gəlir.

Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button