
09 aprel 2025 – ci il tarixində ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum keçirilib. Müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin böyük bir qrupu qlobal gündəlikdə duran mühüm məsələləri müzakirə etmək üçün Azərbaycanı yeddinci dəfədir ki, ziyarət edir. Forum dünyada baş verən mürəkkəb geosiyasi, iqtisadi və ekoloji proseslərin fonunda təşkil olunur. Tədbir iştirakçıları qlobal sabitliyə, təhlükəsizliyə və davamlı inkişafa təhdid yaradan amilləri müzakirə edir və bu problemlərə qarşı birgə yanaşmaların formalaşdırılmasına töhfə verir.
Forumda cənab Prezident İlham Əliyevə çoxsaylı suallar ünvanlandı, dövlətimizin başçısı onların hər birinə ətraflı cavab verdi. Bu cavabların hər birini əslində Azərbaycanın müstəqil və qətiyyətli siyasət yürüdən dövlət olmasının, eləcə də qazandığımız hər bir uğurun aydın təsviri kimi dəyərləndirmək olar. Ona görə Prezident İlham Əliyevin cavabları, fikirləri və təhlilləri forumda iştirak edən 80 xarici ekspertin respublikamızla bağlı təəssüratlarını daha da möhkəmləndirdi, Azərbaycanın beynəlxalq miqyasda obyektiv və dolğun təqdimatı üçün mühüm mənbə rolunu oynadı.
Ölkə rəhbəri çıxışında Avropa Şurası ilə bağlı böyük gözləntilərimiz var olduğunu bildirərək qeyd etdi ki, Siz Avropa Şurasının və beynəlxalq təşkilatların Ermənistan ilə münaqişəni həll etmək qabiliyyətini vurğuladınız. Bizim bu təşkilata qoşulduğumuz dövr xatirimdədir. O zaman parlamentin üzvü idim. Bizim Avropa Şurası ilə bağlı böyük gözləntilərimiz var idi, hesab edirdik ki, o, bizə bu məsələni beynəlxalq gündəliyə daxil etməyə yardım göstərəcək, biz bu Avropa strukturunun dəstəyini əldə edəcəyik. Çünki burada kimin qurban, kimin isə təcavüzkar olduğu aydın idi. Lakin təəssüflər olsun ki, bu, baş vermədi. Biz 2001-ci ildə Avropa Şurasına üzv seçildik və mən oradakı Azərbaycan nümayəndə heyətinin ilk rəhbəri idim. Təəssüflər olsun ki, biz orada ədalətli mövqeyimizin dəstəklənmədiyini gördük. Həmçinin orada çoxsaylı ermənipərəst lobbiçiləri gördük. Xatırlayıram ki, biz öz aramızda onları Azərbaycana nifrət edənlər adlandırırdıq. Bu gün də onların sayı kifayət qədərdir. Beləliklə, bizim gözləntilərimiz özünü doğrultmadı. Biz heç Parlament Assambleyasını bu işlə ciddi məşğul olmağa cəlb edə bilmədik. Bizim yeganə nailiyyətimiz 2005-ci ildə qətnamənin qəbul edilməsi oldu. Orada münaqişə və işğal məsələsi öz əksini tapmışdı. Beləliklə, burada iki fakt var idi. Birincisi, Parlament Assambleyası əsasən anti-Azərbaycan mövqeyində idi, ikincisi isə ATƏT-in Minsk qrupu istənilən təşkilatın bu məsələ ilə məşğul olmasına əngəl törədirdi.
Məlumdur ki, hətta ATƏT-in Minsk qrupu Strasburqa səfər edərək ABŞ, Rusiya və Fransanın vahid mövqeyini orada ortaya qoymuşdu: “Bu prosesə qarışmayın, bu, bizim inhisarımızdadır. Müdaxilə etməyin”. Məsələ məhz bundan ibarət idi. Yəni, bu platformadan istifadə edərək bu məsələyə diqqətin yönəldilməsi ilə bağlı gözləntilərimiz özünü doğrultmadı. Bundan əlavə, AŞPA özünün ərazi bütövlüyünü bərpa etdiyinə görə Azərbaycanı cəzalandırmaq qərarına gəldi. 2023-cü ilin sentyabrında Qarabağdakı separatçıların kökü kəsildi. Məhz bu səbəbdən onlar 2024-cü ilin yanvarında bizim nümayəndə heyətimizi səsvermə hüququndan məhrum etdilər. Onlar bunu insan hüquqları məsələsi çərçivəsinə daxil etməyə çalışdılar, ancaq bu, qətiyyən belə deyil. Qeyd etdiyim kimi, biz 2001-ci ildən bu təsisatın üzvü idik və bu vaxtadək Azərbaycan nümayəndə heyətinin mandatı şübhə altına alınmırdı. Məhz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən bir neçə ay sonra onlar bizi səsvermə hüququndan məhrum etdilər. Yaranmış şəraitdə bizim orada fəaliyyətimizi dayandırmaq qərarını verdik. Həmin vaxtdan etibarən biz onların iclaslarında iştirak etmirik.
Azərbaycan Prezidentinin fikirləri, proseslərə baxışları, gəldiyi qənaətlər hər zaman beynəlxalq gündəmin xüsusi diqqət mərkəzində olur. Bu baxımdan cənab İlham Əliyevin ADA Universitetində keçirilən Forumda söylədiyi fikirlər həm Cənubi Qafqaz, həm də beynəlxalq səviyyədə cərəyan edən proseslərlə bağlı daha yaxşı yanaşmaların formalaşmasına, yeni tezislərin yaranmasına xidmət edəcək.
Ramilə Seyidova,
YAP Siyəzən rayon təşkilatının sədr müavini