AnalitikaGündəmSosial

Gözlərə nur verən insan – Akademik Zərifə xanım Əliyeva

Aprelin 15-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 40 il ötür.

Müdriklər deyirlər ki, çox vaxt insanın dünyaya gəldiyi fəsil onun təbiəti ilə uyğunluq yaradır. Bu baxımdan, Onu nur və həyat rəmzi də adlandırmaq olar. Çünki O, təbiətin oyandığı, torpağın canlandığı, istinin və işığın artdığı bir fəsildə dünyaya göz açmışdı. O, elə insan idi ki, bir dəfə ünsiyyətdə olanlar onu ömrü boyu unuda bilmirdilər. O, sevib seçdiyi, ömrünü həsr etdiyi sənəti ilə bu istedadını tam gerçəkləşdirə bilmişdi.

Xalqımız hər il aprelin 15-də tanınmış oftalmoloq-alim, Ümummilli Liderimiz Heydər Əliyev ailə ocağının qoruyucusu Zərifə xanım Əliyevanın anım gününü qeyd edir. Zərifə xanım baharda doğulmuş, baharda da dünyasını dəyişmişdi. Zərifə xanım az yaşadı, lakin qısa bir tarixi əhatə edən həyatında çox böyük  işlər gördü.

Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb və yazılacaqdır. 1923-cü il aprelin 28-də Azərbaycanın Şahtaxtı kəndində, görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz aşan Zərifə Əliyeva taleyin hökmü ilə Azərbaycanda oftalmologiya elminin tarixində silinməz iz qoymağı bacardı.

Zərifə xanım 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi əməkdaş vəzifəsində fəaliyyətə başlayıb, 1950-ci ildə aspiranturaya daxil olub, həkimlik fəaliyyəti ilə bərabər, elmi axtarışlarını davam etdirib.

Zərifə xanım elmi-praktiki fəaliyyətinin böyük bir dövrü Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrası ilə bağlı olub. O, kafedrada dosent kimi fəaliyyətə başlayıb, doktorluq dissertasiyasını müdafiə etdikdən sonra – 1976-cı ildə kafedranın professoru seçilib. O, 1983-cü ildən göz xəstəlikləri kafedrasına başçılıq edib. Onun təşkilatçılıq bacarığı bu vəzifədə özünü daha qabarıq göstərib.

Zərifə xanım tədqiqatlarını traxoma xəstəliyinin müalicəsi, xüsusən, traxomanın və onun fəsadlarının müalicəsində o dövrdə yeni antibiotikdən – təkcə geniş spektrli antibakterial deyil, həm də antixlamid təsirli sintomisindən səmərəli istifadə imkanlarının öyrənilməsi ilə bağlı məsələlərə həsr edib. O, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-dən çox elmi işin, bir kəşfin müəllifidir. “İridodiaqnostikanın əsasları” monoqrafiyası həkimlər arasında bu gün də çox populyar dərslikdir. Onun iridodiaqnostika – gözün qüzehli qişasında səciyyəvi dəyişikliklərə əsasən orqanizmdəki xəstəliklərin diaqnostikası sahəsində araşdırmaları böyük maraq doğurur. İridodiaqnostika təbabət elminin uzun müddət qəbul edilməyən yeni istiqamətidir. Zərifə Əliyeva o zaman hələ tədqiq edilməmiş bu yeni istiqamətə bir sıra məqalələr həsr edmişdir.

Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. Moskva oftalmologiya məktəbi Zərifə xanımı “oftalmologiyanın incisi” adlandırmışdı.

Müstəqil Azərbaycanın qurucusu və memarı, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin sadiq dostu, ömür-gün yoldaşı, xalqımıza Müzəffər Sərkərdə bəxş edən ana, həkimliyi ilə bütün xalqın yükünü çiyinlərinə götürən, bir an belə gördüyü işlərdən yorulmayan, bu uğurda yüksək mövqe qazanaraq Azərbaycanın nümunəvi qadınları sırasında yer tutan Akademik Zərifə xanım Əliyeva həyat yolu ilə hər bir azərbaycanlı qadına nümunədir. Azərbaycan qadınının bütün keyfiyyətlərini özündə cəmləşdirən zərif, incə xanım Zərifə Əliyeva bu gün xalqın qəlbində xüsusi yer tutub. Zərifə xanım insanlıq keyfiyyəti və əməlləri ilə hər zaman dərin hörmət və sevgi ilə xatırlanır, yad edilir.

Ramilə Seyidova,
YAP Siyəzən rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button