
“Bu gün Avropa Komissiyasında çəhrayı eynəkləri çıxarmalıdırlar, dünyaya real gözlə baxmalıdırlar, Azərbaycan kimi dövlətlərə dəyər verməlidirlər. Cənubi Qafqazı özlərinin sevimli və ya qeyri-sevimli dövlətlərinə bölməli deyillər”. Bu sözləri Prezident İlham Əliyev 9 apreldə ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Avropa Komissiyasının Azərbaycana münasibəti məsələsində toxunarkən vurğuladı.
Dövlətimizin başçısı həmçinin qeyd etdi ki, bizim Avropa İttifaqı ilə bağlı gözləntilərimiz ciddi şəkildə dəyişib və müzakirələrimizin mövzusu da təbəddülata uğrayıb: “Biz bu təşkilata qoşulandan bəri dünya dəyişib və Avropa da kəskin şəkildə dəyişib. Prezident Trampın hakimiyyətə gəlməsi ilə bu dəyişiklik tamamlandı. Bu gün heç nə baş verməmiş kimi davranmaq, habelə Avropa Şurasında və ya Avropa Parlamentində qəbul edilmiş hər hansı bir qətnamənin nəyisə dəyişəcəyinə inanmaq sadəlövhlük olar. Bizim bu təşkilatlara münasibətimiz bu qeyri-adekvatlığa tamamilə uyğundur. Bir ölkə olaraq Azərbaycan özünü bu regionda rahat hiss edir. Biz artıq bu məsələni müzakirə etdik, istər Cənubi Qafqaz olsun, istərsə də Mərkəzi Asiya və ya Yaxın Şərq. Biz özümüzü rahat hiss edirik, özümüzü təmin edən iqtisadiyyatımız var”.
Forum zamanı Prezident Azərbaycanın enerji təhlükəsizliyi sahəsindəki rolu, nəqliyyat-logistika layihələri və “yaşıl enerji”yə keçid istiqamətində atdığı addımlar barədə də ətraflı məlumat verdi. O qeyd etdi ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri təkcə region üçün deyil, Avropa üçün də strateji əhəmiyyət daşıyır. Bu çərçivədə COP29-un Bakıda keçirilməsi qərarı da Azərbaycanın beynəlxalq arenadakı nüfuzunun və etimad mühitinin göstəricisi kimi dəyərləndirildi. Azərbaycan öz iqtisadi potensialı ilə beynəlxalq əməkdaşlığa töhfə verir.
Prezident İlham Əliyevin forumdakı çıxışı, Azərbaycanın gələcəkdə yeni dünya nizamının formalaşmasında özünəməxsus yeri və rolu olacağını bir daha təsdiqlədi. Onun nitqi, həm siyasi uzaqgörənlik, həm də regional və qlobal sabitliyə töhfə verməyə yönəlmiş konkret yanaşmalar baxımından aktuallığı və dəyəri ilə seçildi. Forumda səsləndirilən fikirlər Azərbaycanın geosiyasi mövqeyinin gücləndiyini və ölkənin beynəlxalq münasibətlərdə söz sahibi olduğunu bir daha göstərdi.
Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri