
Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan şəhərində, Azərbaycanın tanınmış dövlət xadimi, Əziz Əliyevin ailəsində anadan olmuşdur. Ailəsi ona yüksək mənəvi və intellektual dəyərlər aşıladı. Orta təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1947-ci ildə həkim diplomu almışdır.
Elə tələbəlik illərindən o, oftalmologiyaya – göz xəstəliklərinin müalicəsinə böyük maraq göstərmişdir. Daha sonra aspirantura təhsili alaraq elmi fəaliyyətə başlamış, tezliklə bu sahənin tanınmış mütəxəssislərindən birinə çevrilmişdir. Zərifə Əliyeva ömrünün böyük hissəsini göz xəstəliklərinin öyrənilməsinə və onların müalicəsi yollarının araşdırılmasına həsr etmişdir. Onun elmi fəaliyyəti xüsusilə peşə patologiyası sahəsində əhəmiyyətli olmuşdur. Zərifə Əliyeva görmə orqanının peşə xəstəlikləri üzrə bir çox fundamental tədqiqatlar aparmış və bu sahədə ilk monoqrafiyaların müəllifi olmuşdur. Onun “Peşə patologiyasının oftalmoloji aspektləri” adlı əsəri bu sahədə mühüm elmi mənbələrdən biri hesab olunur.
Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Zərifə xanım Əliyeva Azərbaycanın səhiyyə sahəsində silinməz iz buraxmışdır. O, Azərbaycan tibb elminin inkişafına böyük töhfə verən akademik olub. Onun həyat fəlsəfəsi, mənəvi dünyası, oftolmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxşaxəlidir. Azərbaycan oftolmologiyasını dünya səviyyəsində tanıdan Zərifə xanım Əliyeva təbabətdə öz dəsti-xətti olan novator bir alim idi.
Akademik Zərifə xanım Əliyevanın keçdiyi şərəfli və parlaq ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir. Belə dəyərli alimlərimiz ilə fəxr edir,onların xatirəsini hər zaman uca tuturuq!
Həsənova Səbinə,
YAP-ın fəalı