AnalitikaGündəmSəhiyyə

Zərifə Əliyeva Azərbaycan qadınının elmə, ailəyə və vətənə sadiqliyinin nümunəsidir

15 aprel – Azərbaycanın görkəmli oftalmoloqu, akademik Zərifə Əliyevanın anım günüdür. Bu gün Azərbaycan tibb elminə mühüm töhfələr vermiş, insanların sağlamlığına qovuşmasına həyat missiyası kimi yanaşmış Zərifə Əliyevanın əziz xatirəsi böyük hörmət və ehtiramla yad edilir. Hər il bu tarixdə onun zəngin elmi irsi və mənəviyyatla dolu həyat yolu yenidən xatırlanır.

Zərifə Əliyevanın elmi əsərləri və monoqrafiyaları, yüzlərlə məqaləsi yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də işıq üzü görmüş, elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. O, eyni zamanda gənc mütəxəssislərin yetişdirilməsinə böyük diqqət göstərmiş, oftalmologiya sahəsində elmi kadrların formalaşmasında əvəzsiz rol oynamışdır.

Zərifə xanım yalnız böyük alim deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik bir ziyalı, insanlara mərhəmətlə yanaşan bir şəxsiyyət idi. O, həkimlik sənətini həyatının ali məqsədi kimi qəbul edirdi – insanlara şəfa vermək, onların sağlamlığına qayğı ilə yanaşmaq onun üçün ən böyük xoşbəxtlik idi. Pasiyentlərinə qarşı həmişə diqqətli, mehriban və qayğıkeş olmuş, həmkarları və tələbələri arasında dərin hörmət qazanmışdır.

O, cəmiyyətə, xüsusilə qadınların elmə və ictimai həyata inteqrasiyası sahəsində də aktiv fəaliyyət göstərmiş, Azərbaycan qadınının müasir obrazının formalaşmasında mühüm rol oynamışdır.

Zərifə xanım həm də örnək bir ailə həyatı yaşamışdır. Ümummilli lider Heydər Əliyevin həyat yoldaşı, Prezident cənab İlham Əliyevin anası kimi o, Azərbaycan cəmiyyətində yüksək nüfuza malik olmuşdur. Onun ailəyə bağlılığı, vətənpərvərliyi və ziyalı obrazı həm ailə institutunun, həm də ümumi cəmiyyətin möhkəmlənməsinə təsir etmişdir.

Bu gün onun adını daşıyan küçələr, məktəblər, tibb müəssisələri və xatirə abidələri mövcuddur. Zərifə Əliyevanın həyat və yaradıcılığına həsr olunmuş sənədli filmlər çəkilmiş, kitablar yazılmış, ölkədə və xaricdə elmi konfranslar təşkil olunmuşdur.

Zərifə Əliyeva Azərbaycan qadınının elmə, ailəyə və vətənə sadiqliyinin nümunəsidir. Onun zəhməti, elmi irsi, yüksək mənəvi keyfiyyətləri və insanlara sonsuz sevgisi bu gün də hər bir azərbaycanlı üçün örnəkdir. O, sübut etmişdir ki, elm və mərhəmət bir araya gəldikdə, cəmiyyət üçün əvəzolunmaz dəyərlər yaranır.

Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button