AnalitikaGündəmSiyasət

Azərbaycanın beynəlxalq hüquqa sadiqliyi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə birgə mətbuata verdiyi bəyanatda Azərbaycanın 30 il ərzində erməni işğalından çəkdiyi əzab və itkiləri diqqətə çatdırdı. Prezidentin sözlərinə görə, bu dövr ərzində Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan mövqeyi dəyişməz qalıb, işğal faktına baxmayaraq, ölkə beynəlxalq səviyyədə sülh və əməkdaşlıq çağırışlarını davam etdirib. Bəyanat, Ermənistanın hərbi təcavüzü nəticəsində yaranan humanitar və strateji fəsadların beynəlxalq ictimaiyyət tərəfindən daha dolğun anlaşılmasına xidmət etdi.

Prezident İlham Əliyev çıxışı zamanı xüsusilə vurğuladı ki, işğal nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından didərgin düşmüş, onların hüquqları uzun illər tapdanmışdır. Dağıdılmış şəhərlər, kəndlər, dini və tarixi abidələr barədə faktlar bir daha nümayiş etdirdi ki, bu, təkcə siyasi yox, həm də mədəni soyqırım idi. Prezidentin bu məsələyə toxunması, qonaq ölkənin və beynəlxalq medianın diqqətini regionun tarixində baş vermiş bu faciənin miqyasına yönəltdi.

Mətbuat qarşısında edilən bəyanatda Cənab İlham Əliyev vurğuladı ki, 2020-ci ildə baş tutan 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi beynəlxalq hüququn və ədalətin təntənəsi idi. Bu qələbə, Azərbaycan xalqının birliyi və qətiyyəti ilə yanaşı, dünya tərəfindən tanınan sərhədlərə hörmətin təsdiqi oldu. Prezident həmçinin bildirdi ki, bu zəfər təkcə hərbi deyil, mənəvi və diplomatik bir dönüş nöqtəsidir.

Səfər zamanı müzakirə edilən mövzulardan biri də post-münaqişə dövründə bölgədə dayanıqlı sülhün qurulması üçün göstərilən səylər idi. Cənab İlham Əliyev Azərbaycanın sülh təşəbbüslərinə sadiqliyini və Ermənistanla normallaşma prosesində qarşı tərəfdən real addımlar gözlədiyini bildirdi. Onun bu mesajı, regionda sabitliyin davamlı olması üçün qarşılıqlı anlaşmanın və beynəlxalq dəstəyin vacibliyini bir daha gündəmə gətirdi.

Prezidentin bəyanatı həm tarixi ədalətin bərpası baxımından, həm də münaqişədən sonrakı dövr üçün gələcəyə dair aydın mövqe nümayiş etdirməsi ilə əlamətdar oldu. Bu çıxış, Azərbaycanın uzunmüddətli sülhə, bərpa və inkişaf strategiyasına sadiqliyini açıq şəkildə ortaya qoydu.

Xəyal Rzazadə,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button