AnalitikaGündəmSiyasət

Azərbaycan və Almaniya münasibətlərində yeni səhifə açıldı

Əlamətdar səfərlər sırasında mühüm yer tutan hadisələrdən biri də 2025-ci il aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə qarşılanan bu səfər, iki ölkə arasında diplomatik münasibətlərin yeni mərhələyə keçdiyinin göstəricisi kimi qiymətləndirildi. Rəsmi qarşılanma mərasimindən sonra dövlət başçıları arasında təkbətək və geniş tərkibdə görüşlər keçirildi.

Görüşlər zamanı əsas diqqət siyasi dialoqun dərinləşdirilməsinə və iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə yönəldi. Prezident İlham Əliyev çıxışında Azərbaycan-Almaniya əlaqələrinin tarixi əsaslara söykəndiyini və bu əlaqələrin qarşılıqlı etimada əsaslandığını vurğuladı. Ştaynmayer isə Azərbaycanın regional sabitlik və enerji təhlükəsizliyi sahəsində oynadığı rolu yüksək qiymətləndirdi. Tərəflər xüsusilə yaşıl enerji, texnologiya transferi və təhsil sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdilər.

Səfər çərçivəsində bir sıra mühüm sənədlər imzalandı. Bunlar arasında enerji sahəsində əməkdaşlıq, iqtisadi təşəbbüslərin dəstəklənməsi və ikitərəfli ticarətin təşviqi ilə bağlı razılaşmalar xüsusilə diqqət çəkdi. Həmçinin, Almaniyanın Azərbaycanda həyata keçirdiyi ekoloji layihələrin genişləndirilməsi məsələsi də gündəmdə oldu. Bu sənədlər, gələcək illər üçün ortaq fəaliyyətlərin hüquqi və institusional bazasını möhkəmləndirdi.

Ştaynmayerin səfəri çərçivəsində Bakıda keçirilən biznes forum isə Almaniyanın aparıcı şirkətləri ilə yerli iş adamları arasında körpü rolunu oynadı. Forum zamanı Almaniya şirkətləri Azərbaycanın postmünaqişə dövründəki bərpa və quruculuq işlərində iştirak etməkdə maraqlı olduqlarını bəyan etdilər. Həmçinin Azərbaycanın Almaniya bazarına çıxış imkanları və qarşılıqlı investisiyaların artırılması istiqamətində fikir mübadiləsi aparıldı.

Nəticə etibarilə, bu səfər iki ölkə arasında strateji əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Qarşılıqlı etimadın möhkəmləndirilməsi, konkret layihələrin həyata keçirilməsi və diplomatik əlaqələrin dərinləşməsi baxımından bu səfər əlamətdar hadisə kimi yadda qaldı. Azərbaycan və Almaniya münasibətlərində yeni səhifə açıldı.

Kamran Mustafayev,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button