Xocalı qurbanlarının qanı yerdə qalmadı

XX əsrin ən dəhşətli, ən qanlı faciələrindən biri sayılan Xocalı soyqırımından artıq 33 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının silahlı texnikası və hərbi heyətinin köməyilə Xocalı şəhərini zəbt edərək misli görünməmiş soyqırım törətdilər. Sözsüz ki, bu cür genişmiqyaslı soyqırıma hazırlıq da əvvəlcədən aparılmışdır. Aylar əvvəl Xocalı şəhərinin blokadaya salınması da məhz bunu göstərir. 1991-ci il oktyabr ayından başlayaraq şəhərə gedən bütün yollar bağlanmış, gediş-gəliş dayandırılmışdır.
Həmin gün erməni silahlı dəstələri şəhərə daxil olmazdan əvvəl, fevralın 25-i axşam çağından başlayaraq şəhər toplardan, ağır zirehli texnikadan atəşə tutulmağa başladı. Xocalı yalnız atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçüləri tərəfindən müdafiə olunurdu. Ancaq bu təəssüf ki, zirehli texnika ilə silahlanmış erməni silahlı dəstələrinin qarşısını almaq üçün kifayət etməmişdi. Şəhərə daxil olan qaniçən erməni silahlıları şəhərdən qaçmağa fürsət tapmamış əhaliyə divan tutmuş, meşələrə, dağlara qaçmış Xocalı sakinlərini də pusquya salaraq vəhşicəsinə qətlə yetirmişlər. Bu qırğın nəticəsində 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca olmaqla 613 nəfər qətlə yetirilmişdir. 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 76 nəfəri uşaq olmaqla 487 nəfər yaralanmışdır. 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.
Xocalı şəhərinin coğrafi mövqeyi Ağdam-Şuşa, Əskəran-Xankəndi yollarının üstündə yerləşməsi və Qarabağ regionundakı yeganə hava limanının məhz Xocalı şəhərində yerləşməsi şəhərin işğalını labüd edirdi. Ancaq işğaldan əlavə Xocalı əhalisinə tutulan divan məhz ermənilərin azərbaycanlılara olan nifrətinin nəticəsidir. Bu faciə zamanı yalnız xocalılar əziyyət çəkməmiş, eyni zamanda şəhərin infrastrukturuna da geniş miqyasda ziyan dəymişdir. İşğal nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 29 kitabxana, 3 mədəniyyət evi və 1 tarix-diyarşünaslıq muzeyi məhv edilib. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıqlar vandallara xas üsullarla dağıdılıb.
“Amansızlığına, vəhşiliyinə, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı faciəsi insanlığın tarixində qara ləkə kimi qalacaq.” -deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevral ayının 24-də Mili Məclis “Xocalı soyqırımı günü” haqqında qərar qəbul etdi. Hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan xalqı soyqırım qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad edir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə tanınmas,bu soyqırıma obyektiv qiymət verilməsi istiqamətində davamlı addımlar atılmışdır. Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Hal-hazırda Xocalı soyqırımı dünyada 9 ölkə və ABŞ-nin 21 ştatı tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb. 20 noyabr 2012-cinil tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edilmişdir. 2013-cu ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar.
Xocalı həqiqətlərini dünyaya çatdırmaq yolunda müstəsna xidmətləri olan “Xocalıya ədalət “ kampaniyasını qeyd etmək mütləqdir. Adı çəkilən kampaniyanın təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadlr. “Xocalıya ədalət” beynalxalq maarifləndirmə kampaniyasına 2008-ci ild start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. Xocalı faciəsinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda “Xocalıya ədalət” kampaniyasının müstəsna rolu danılmazdır.
Artıq beynəlxalq ictimaiyyət ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımla bağlı daha yaxşı məlumatlandırılıb. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi: “İndi Xocalı haqqında dünyada bilirlər. Xocalı faciəsi haqqında kifayət qədər məlumatlar var. Biz bütün ölkələrdə kampaniyalar keçiririk, həm səfirliklər, həm də Heydər Əliyev Fondu vasitəsilə” 2023-cü ilin 19-20 sentyabr tarixində Ordumuzun keçirdiyi antiterror əməliyyatı nəticəsində Xocalı şəhəri separatçılardan təmizlənərək işğaldan azad edildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu əlamətdar hadisə Azərbaycan xalqına, xüsusilə də xocalıların böyük sevincinə səbəb oldu. Prezident İlham Əliyevin göstərişi ilə Xocalı şəhəri yenidən abadlaşdırılır. Xocalı sakinlərinin doğma yurdlarına “Böyük Qayıdış”ları təşkil olunur. Bu qayıdış Xocalıya yeni nəfəs gətirir.
Allahverdiyeva Tomris,
Xəzər rayonu, 92 №li tam orta məktəbin müəllimi