Xocalı faciəsi Azərbaycan xalqının tarixində ən qanlı və faciəvi hadisələrdən biri kimi yadda qalmışdır

Xocalı faciəsi Azərbaycan xalqının tarixində ən qanlı və faciəvi hadisələrdən biri kimi yadda qalmışdır. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalıya hücum edərək dinc əhalini amansızcasına qətlə yetirmişdir. Bu soyqırımı nəticəsində yüzlərlə insan, o cümlədən qadınlar, uşaqlar və yaşlılar vəhşicəsinə öldürülmüş, minlərlə insan evsiz qalmışdır. Bu, erməni millətçilərinin uzun illərdən bəri Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətinin ən ağır nəticələrindən biridir.
Xocalı qətliamı təkcə müharibənin acı bir nəticəsi deyil, məqsədyönlü və planlaşdırılmış bir soyqırımı aktıdır. Şəhər aylarla mühasirədə saxlanılmış, sonda isə qəfil hücuma məruz qalmışdı. Qaçmağa çalışan insanlar yollar boyu güllələnmiş, sağ qalanlar isə əsir götürülərək ağır işgəncələrə məruz qalmışdır. Xarici jurnalistlərin və şahidlərin verdiyi ifadələr bu cinayətin miqyasını açıq şəkildə sübut edir. Buna baxmayaraq, hələ də dünya birliyinin bu vəhşiliyə tam hüquqi qiymət verməsi gecikməkdədir.
Xocalı faciəsi, eyni zamanda, erməni millətçilərinin iki yüz ildən artıq müddətdə azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətinin qanlı bir səhifəsidir. 1905-1907-ci illərdə, 1918-ci ildə və sonrakı onilliklərdə Azərbaycan əhalisi dəfələrlə soyqırımı və deportasiyalara məruz qalmışdır. Xocalı bu tarixin ən dəhşətli epizodlarından biri kimi yadda qalır və erməni terrorunun əsl mahiyyətini ortaya qoyur.
Lakin Azərbaycan xalqı bu faciəni unutmayacaq və Xocalı şəhidlərinin qanı yerdə qalmayacaq. Müzəffər Azərbaycan Ordusunun 2020-ci ildə qazandığı Zəfər ədalətin bərpası yolunda mühüm addım oldu. Bu qələbə, Xocalı və digər işğal qurbanlarının ruhunu şad etdi və göstərdi ki, Azərbaycan haqqını heç vaxt unutmayacaq. Xocalı faciəsi yalnız tarix deyil, həm də gələcək nəsillərə bir ibrət dərsidir.
Şahverdiyeva Günay,
YAP Xəzər rayon təşkilatının gənc fəalı