AnalitikaGündəmQarabağ və Şərqi Zəngəzur

Xocalı faciəsi heç zaman unudulmayacaq və gələcək nəsillər bu qanlı tarixi daim xatırlayacaqlar

Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biri kimi yadda qalmışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək dinc əhalini amansızcasına qətlə yetirmişdir. Bu soyqırımı nəticəsində yüzlərlə günahsız insan, o cümlədən qadınlar, uşaqlar və yaşlılar həyatlarını itirmişdir. Hadisə, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilmiş vəhşilik aktı kimi tarixə düşmüşdür.

Xocalı faciəsi erməni millətçilərinin iki əsrdən çox davam edən etnik təmizləmə siyasətinin qanlı nəticələrindən biridir. Həmin gecə insanlar işgəncələrə məruz qalmış, diri-diri yandırılmış, başları kəsilmiş, qadınların və uşaqların bədən üzvləri kəsilmişdir. Xarici jurnalistlərin yazdıqları məqalələrdə bu cinayətlərin miqyası açıq-aşkar təsvir edilmişdir. “İzvestiya” qəzetinin yazdığına görə, videoçəkilişlərdə qulaqları kəsilmiş uşaqlar, sifətinin yarısı doğranmış qadınlar görünürdü.

Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması Azərbaycanın haqlı mübarizəsinin vacib istiqamətlərindən biridir. Bir sıra ölkələr və təşkilatlar bu hadisəni soyqırımı kimi tanımışdır. Lakin hələ də dünya ictimaiyyəti bu faciəyə tam şəkildə hüquqi qiymət verməmişdir. Azərbaycan dövləti Xocalı qətliamının dünya səviyyəsində tanınması üçün mübarizəsini davam etdirir və bu istiqamətdə mühüm diplomatik addımlar atır.

Müzəffər Azərbaycan Ordusunun 2020-ci ildə qazandığı Qələbə Xocalı şəhidlərinin qanının yerdə qalmadığını sübut etdi. Azərbaycan əsgərləri Qarabağı işğaldan azad edərək tarixi ədaləti bərpa etdilər. Bu Qələbə təkcə torpaqların geri qaytarılması deyil, həm də Xocalı faciəsinin günahkarlarının cəzalandırılması istiqamətində mühüm addım oldu. Xocalı faciəsi heç zaman unudulmayacaq və gələcək nəsillər bu qanlı tarixi daim xatırlayacaqlar.

Kamran Mustafayev,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button