AnalitikaGündəmQarabağ və Şərqi Zəngəzur

Xocalı faciəsi, xalqımızın yaddaşında silinməz izlər buraxmış bir acıdır

Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə həkk olunub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründə Xankəndidə yerləşdirilmiş 366-cı motoatıcı alayın dəstəyi ilə Xocalıya hücum etdi və şəhəri yerlə-yeksan etdi. Dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirildi. Şəhər ağır artilleriya atəşinə məruz qaldı, evlər yandırıldı, insanların qaçıb canlarını qurtarmaq üçün heç bir imkanı qalmadı. Xocalı sakinləri Ağdama doğru qaçmağa çalışsalar da, erməni silahlı dəstələri onları mühasirəyə aldı və kütləvi qırğın törətdi. Həmin gecə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər isə valideynlərindən birini itirdi. Girov götürülən 1275 nəfərdən 150-nin taleyi hələ də naməlumdur. Bütün bunlar təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda, bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir. Bu dəhşətli faciə Ermənistanın uzun illərdən bəri azərbaycanlılara qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və işğalçılıq siyasətinin tərkib hissəsi idi. Xocalı soyqırımı ilə yanaşı, Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel kimi qətliamlar da bu siyasətin nəticəsi oldu. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 mindən çox insan yaralandı və əlil oldu, milyonlarla soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Xocalı faciəsinə ilk dəfə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildi. 1994-cü ildə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü elan etdi. Bundan sonra dövlətimiz və diaspor təşkilatları bu faciənin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün məqsədyönlü fəaliyyət göstərməyə başladı. Artıq dünyanın 15-dən çox ölkəsi və ABŞ-ın 25-dən artıq ştatı bu faciəni soyqırımı kimi tanıyıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman Xocalı faciəsinə xüsusi diqqət ayırıb və onun beynəlxalq aləmdə tanıdılması üçün mühüm addımlar atıb. Hər il 26 fevralda Prezident Xocalı şəhidlərinin xatirəsinə ehtiramını bildirir, Azərbaycan xalqının bu faciəni unutmadığını və unutmayacağını vurğulayır. Dövlət başçısı Ermənistanın hərbi-siyasi rəhbərliyini ifşa edərək Xocalı soyqırımının təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün beynəlxalq səviyyədə hüquqi mübarizənin davam etdirildiyini bəyan edir. Prezident İlham Əliyev çıxışlarında Xocalı soyqırımının bəşəri cinayət olduğunu qeyd edərək, beynəlxalq təşkilatları bu məsələyə laqeyd qalmamağa çağırır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası faciə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Bu kampaniya çərçivəsində müxtəlif ölkələrdə yürüşlər, mitinqlər və konfranslar təşkil olundu, Xocalı soyqırımı barədə məlumatlar yayıldı. Xocalı soyqırımından 30 il sonra, Azərbaycan xalqı bu faciəni tam fərqli hisslərlə anmağa başladı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə nəticəsində işğal altında olan torpaqlarımız azad olundu. Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşməni darmadağın etdi və Xocalı qurbanlarının qisası alındı. Bu Qələbə təkcə ərazi bütövlüyümüzü bərpa etmədi, həm də Xocalı soyqırımını törədənlərin ədalət qarşısında cavab verəcəyi inamını daha da gücləndirdi. Xocalı faciəsi heç vaxt unudulmayacaq. Azərbaycan xalqı hər il bu günü böyük hüzn və ehtiramla anır, şəhidlərin xatirəsinə dualar oxuyur. Lakin bu anım təkcə keçmişi xatırlamaq deyil, eyni zamanda, gələcək nəsillərə tarixi həqiqətləri ötürmək və belə faciələrin bir daha təkrarlanmaması üçün güclü olmaq mesajını daşıyır. Bu gün Azərbaycan dünya miqyasında nüfuzunu artırır, ədalətin bərqərar olması üçün mübarizəsini davam etdirir. Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində Azərbaycanın haqq səsi dünyada daha güclü eşidilir. Əminik ki, Xocalı soyqırımını törədənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəklər.

Sahil Əliyev,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button